Accessibility links

“Qarabağa azadlıq!” şüarı ilə mitinq keçiriləcək


Müxalifət mitinq keçirir

Mitinq sentyabrın 29-da olacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Azadlıq Təşkilatı (QAT) və bəzi siyasi-ictimai xadimlərin mitinq müraciətinə müsbət cavab verib. Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Məhsul stadionunda keçiriləcək. Bu barədə Amerikanın Səsinə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.

Onun sözlərinə görə mitinq “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ dərhal azad edilsin!” şüarları altında keçiriləcək.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni silahlı birləşmələrinin nəzarətinə keçib.

1992-ci ildə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu həlli üçün danışıqlar başlayıb. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Həmsədr dövlətlər dəfələrlə hazırki status-kvonun qəbuledilməz olması barədə bəyanatlarla çıxış edib. Bununla yanaşı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın suverenliyində olan ərazilərinin dərhal boşaldılması ilə bağlı dörd qətnamə qəbul edib. Buna baxmayaraq status-kvo hələ də dəyişməyib.

2016-cı il aprelin 2-dən 5-dək cəbhədə hərbi əməliyyatlar yenidən bərpa olunub və tərəflər onlarla itki verib. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb.

Ermənistanda bu ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar bərpa olunub. Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikinci görürüşün olacağı gözlənilir.

XS
SM
MD
LG