Accessibility links

Əflatun Amaşov deputatların gəlir deklarasiyasının qəbul edilməsini təklif edib


“Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər.”

Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin noyabrın 15-də keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O deyib ki, qanun layihəsi hazırlayarkən Əli Hüseynlinin rəhbərlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi beynəlxalq təcrübəni öyrənib.

"Beynəlxalq təcrübədə gəlir deklarasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklarasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur” deyə o bildirib.

Ə.Amaşov qeyd edib ki, Almaniyada deputat cinayətdə ittiham edilirsə, iclas zalında həbs olunur. Onun sözlərinə görə, elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, onu çox ağır cəza gözləyir.

O qeyd edib ki,maraqların toqquşmasının qarşısının alınması çox vacibdir:

“Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir”- deyə, deputat bildirib.

XS
SM
MD
LG