Accessibility links

Gənc fəal Elgiz Qəhrəman başqa həbsxanaya köçürülüb


Həbsdə olan gənc fəal Elgiz Qəhrəman başqa həbsxanaya köçürülüb.

Bu barədə NİDA Vətəndaş Hərəkatından Samir Əsədli məlumat verib.

S.Əsədlinin sözlərinə görə, E.Qəhrəman bir neçə gün əvvəl 17 Saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) köçürülüb.

"17 Saylı Cəzaçəkmə Müəssisəsi ciddi rejimli müəssisədir. Elgiz Qəhrəman 14 Saylı CÇM-də karsa (cərimə kamerası-r) salınmışdı. 4 gün soyuq otaqda saxlandığından səhhətində ciddi problemlər yaranmışdı. Onu 10 günə yaxın idi ki, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirmişdilər. Bu günlərdə onu 17 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər", S.Əsədli bildirib.

Penitensiar Xidmətdən bütün bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Ancaq bir müddət öncə E.Qəhrəmanın əsassız cərimə kamerasına salınması və döyülməsi barədə deyilənlərə rəsmi qurumlardan münasibət alınmışdı. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirmişdi ki, daxili intizam qaydalarını pozan məhkumların cərimə təcridxanasına salınması qanuna uyğun qaydada həyata keçirilir: "Adını çəkdiyiniz məhkum da bizim üçün sıradan bir məhkumdur. Əgər intizam qaydalarını pozursa, ona münasibətdə də qanuna uyğun davranılır...".

E.Qəhrəmanın cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərə məruz qalmasına gəlincə, M.Sadıqov vurğulamışdı ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslər döyülmürlər.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. O vaxt gənc fəalın bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanaraq, vəkili ilə görüşə buraxılmadığı bildirilmişdi.

NİDA-çı gənc ötən il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ali Məhkəmədə Elgiz Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib.

XS
SM
MD
LG