Accessibility links

Siyasi məhbus kimi tanınan şəxslər aclıq aksiyasına başlayır


Siyasi məhbusların aclığa başlaması barədə müraciəti (Foto Xədicə İsmayılın Facebook səhifəsindəndir)
Siyasi məhbusların aclığa başlaması barədə müraciəti (Foto Xədicə İsmayılın Facebook səhifəsindəndir)

Bu barədə həbsdə olan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadə müraciət yayıb

“Mehman və digər hər kəs üçün bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq.”

Bu barədə hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadənin müraciətində deyilir.

Müraciətin mətnini və foto-surətini yanvarın 13-də jurnalist Xədicə İsmayıl Facebook səhifəsində yayıb.

Həbsdə olan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadə aclığa başlayır
Həbsdə olan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadə aclığa başlayır

Siyasi məhbus kimi tanınan şəxslər bildirir ki, son vaxtlar hamının gözləri qarşısında çox dəhşətli proseslər baş verir.

“Hər ötən gün ölkəmiz sivil və demokratik dünyadan bir az daha uzaqlaşır, şər üçbucağının əhatəsi və dəstəyi ilə bataqlığa doğru möhkəm addımlarla irəliləyir. Ölkəmizin və xalqımızın ali maraqlarının nəyi tələb etməsindən asılı olmayaraq repressiyaların şiddəti daha da artır. Həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlayan və öz kuliminasiyasını Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasında göstərən proses ölkəmizin artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir”.

Mehman Hüseynovun başına gətirilənlər, bu gün birlik göstərilməsə, sabah hamını gözləyir.
Siyasi məhbusların müraciətindən

Siyasi məhbus kimi tanınan şəxslər hesab edir ki, Mehman Hüseynovun başına gətirilənlər, bu gün birlik göstərilməsə, sabah hamını gözləyir. Müraciətdə insanların qərbin dəstəyinə inanmağa, öz haqları uğrunda özlərinin mübarizə aparmasının vacibliyi qeyd edilir.

“Əgər siz indiki məqamda susqunluğun müdrik, ehtiyatlı addım olduğunu düşünürsünüzsə, qərbdən gələn reaksiyaların nəticələrini gözləyirsinizsə, onda arxayın fırlanın. Biz bu filmə dəfələrlə baxmışıq və bu növbətçi reaksiyaların nə ilə nəticələnəcəyini, necə sonlanacağını yaxşı bilirik. Tüstü-duman dağılandan sonra qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq, sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro, dollarlarından çemodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar,” sənəddə qeyd edilir.

Müraciətdə xatırladılr ki, "qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və gurultulu insan haqları şüarları ilə başlayan qərbin bütün kampaniyaları həmişə ölkəni rüsvayçı qaranlığa bir az da yaxınlaşdıran sonluqla" bitib.

Diplomatlar Mehman Hüseynovla görüşüb (Foto Trend.az saytından götürülüb)
Diplomatlar Mehman Hüseynovla görüşüb (Foto Trend.az saytından götürülüb)

“Biz ölkəmizin zülmətə qərq olmasına etiraz edirik! Biz repressiyalara etiraz edirik və susmayacağıq! Biz ölkəmizə sahib çıxırıq və onun işıqlı insanlarına həbsxanalarda qanqster kimi davranmasına müqavimət göstərəcəyik! Mehman və digər hər kəs üçün bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq,” sənəddə qeyd edilir.

Ailə üzvləri Facebook statuslarında yazıb ki, yanvarın 14-dən 2 saylı cəzaçəkmə müəssisəsində siyasi və vicdan məhbusu kimi tanınan Fikrət Fərəməzoğlu, Qiyas İbrahim, Rəşad Ramazanov da aclıq aksiyasına qoşulacaq.

Siyasi məhbus kimi tanınan şəxslərin müraciətinə hələ rəsmi qurumlar münasibət bildirməyib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və gurultulu insan haqları şüarları ilə başlayan qərbin bütün kampaniyaları həmişə rüsvayçı, bizi qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib.
Siyasi məhbusların müraciətindən

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Blogerə dəstək aksiyaları ara vermir. Müsavat Partiyasının mənzil-qərargahında blogerə dəstək məqsədi ilə ictimaiyyətin nümayəndələri yanvarın 2-dən aclıq aksiyası keçirir. Berlində Azərbaycan səfirliyi qarşısında və Avropanın digər şəhərlərində dəstək akiyaları olub.

Milli Şura yanvarın 19-na “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq təyin edib.

Beynəlxalq ictimaiyyət də blogerə dəstək verməkdə davam edir.

ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb. Yanvarın 11-də Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirliklərinin diplomatları 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Hüseynovla görüşüb.

Siyasi məhbuslar
Siyasi məhbuslar

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edib. Amnesty International ondan çox insanı vicdan məhbusu elan edib.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Hazırda Azərbaycan məhkəmlərində azı iki baş redaktorun (Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli, criminal.az saytının redaktoru Anar Məmmədov) cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG