Accessibility links

Müxalifət liderləri prezident İlham Əliyevə cavab verib


Ilham Əliyev
Ilham Əliyev

Prezident İlham Əliyev atası keçmiş president Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə müxalifəti kəskin tənqid edib.

“Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən beşinci kolon və xüsusilə bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır”, o qeyd edib.

İlham Əliyev
İlham Əliyev

İ.Əliyev deyib ki, Azərbaycan xalqı o “antimilli ünsürləri” 1993-cü ildə hakimiyyətdən qovub və bu günə qədər onların əlindən bir şey gəlmir.

“Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir. Yəni, tamamilə marginallaşıb və bir dəstə zəhər buraxan, özünü müxalifət adlandıran ünsür, əlbəttə ki, bizim işimizə təsir göstərə bilməz. Ancaq çalışırlar ki, bizim inkişafımızı, dövlətimizin uğurlarını, Ordumuzu ləkələsinlər. Bizim Ordumuz keçən il göstərdi ki, nəyə qadirdir və Azərbaycan Ordusu işğal edilmiş torpaqları hər an azad etməyə qadirdir. Ordu quruculuğunun təməlini Heydər Əliyev qoymuşdur. Biz isə onun davamçılarıyıq, bu yolla gedirik və Ordumuz üçün nə lazımdırsa onu da edəcəyik”, o qeyd edib.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli prezidentin tənqidinin cavabında bildirib ki, İlham Əliyevin son çıxışında müxalifətin ünvanına dedikləri bir neçə il öncə dediyi yalanların təkrarıdır.

“Görünür, İlham Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda və ya tirajlayanda onu həqiqət donuna bürümək mümkün olur”.

Əli Kərimli
Əli Kərimli

Onun fikrincə dövlət başçısının bütün problemləri başqasının üstünə yıxmaq cəhdləri əbəsdir.

“Məhz Heydər Əliyevin altı rayonu ermənilərə təhvil verdiyinin milyonlarla şahidi var, Şuşa və Laçın isə Xalq Cəbhəsi hökuməti hakimiyyətə gələnə qədər işğal edilmişdi. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Dağlıq Qarabağ ərazilərinin 40%-i, Ağdərə rayonu işğaldan azad olunub. Bizim hakimiyyət zamanı yalnız Kəlbəcər işğal edilib və bu da Rusiyanın yardımı ilə olub, bunda məqsəd də Xalq Cəbhəsni hakimiyyətdən devirmək idi.

Həmin çevriliş nəticəsində hakimiyyətə gələn Heydər Əliyevin hakimiyyəti zamanı 6 rayon işğal olundu və Ağdərə yenidən itirildi. Odur ki, bu yaxın tarixdə baş verənləri saxtalaşdırmaq heç İlham Əliyevin gücündə olan məsələ deyil”, Kərimli qeyd edib.

Müxalif lider hesab edir ki, bunun əvəzinə İlham Əliyev 2016-cı ilin aprelində ordunun zəfər yürüşünü dayandırmasının izahını versə daha yaxşı olar.

“Özü çıxışlarının birində deyib ki, ermənilərin xahişini nəzərə alaraq bu yürüş dayandırılıb və bu da maraqlıdır ki, erməni tərəfin xahişi nə zamandan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı üçün bu qədər önəmli olub?” Kərimli istehza edib.

Əliyevin müxalifətin xarici pula satılan “beşinci kolon” və xalq düşməni olduğu haqqında ifadələrinə gəlincə AXCP sədri deyib ki, öz vətəndaşlarına qarşı bu anormal münasibət ölkə rəhbərliyinin düşünülmüş siyasətidir və bu siyasət məhz dövlətin birinci şəxsi tərəfindən formalaşdırılıb.

Bundan başqa, Əliyevin çıxışına psixoloji nöqteyi-nəzərdən də baxmaq lazımdır. “O, özündə nə yoxdursa, ondan danışır. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə nə İlham Əliyev, nə atası, nə indiki hökumətin üzvləri iştirak etməyiblər. Bunu məhz Əliyevin bu gün “xalq düşməni” adlandırdığı insanlar edib. O, hakimiyyətə miras olaraq yiyələnib. Odur ki, bizlərə antimilli deməklə özünə təskinlik vermək istəyir”, Kərimli xatırladıb.

Müsavat Partiyasının keçmiş başqanı və 1992-93-cü illərdə Azərbaycan parlamentinin sədri olmuş İsa Qəmbər hesab edir ki, 1992-1993-cü illər Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biridir.

İsa Qəmbər
İsa Qəmbər

“İlk dəfə deyil ki, İlham Əliyev hakimiyyətdə olmuş milli-demokratik qüvvələrə qarşı yalan və böhtana əsaslanan ittihamlar deyir. Əgər o, özünü söhbətə hazır hesab edirsə, gəlsin televiziyada bütün bu mövzuları geniş və hərtərəfli müzakirə edək.

Digər tərəfdən, əgər müxalifət, milli-demokratik qüvvələr bu qədər zəif və gücsüzdürsə, əgər bizim hakimiyyət bu qədər zəif və bacarıqsız olubsa, bu mövzularda 24 il danışmağa nədən bu qədər ehtiyac duyur?”Qəmbər Turan agentliyinə bildirib.

O qeyd edib ki, Müsavat Partiyası və bütünlükdə müxalifət bu gün də kifayət qədər güclüdür. Onun fikrincə, bu qüvvələrin xalqla bütünləşməsi zaman məsələsidir və xalqı repressiyalarla susdurmaq daimi ola bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG