Accessibility links

Elmar Məmmədyarov Suriya ermənilərinin Azərbaycan ərazilərinə köçürüldüyünü bildirib


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Suriya ermənilərinin Azərbaycan ərazilərinə köçürüldüyünü bildirib.

Məmmədyarov 2017-ci il ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı Yüksək Səviyyəli görüşdə çıxışında Ermənistana işarə edərək edərək bildirib ki, bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir.

“Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq, Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyata keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir”, o qeyd edib.

Nazir hesab edir ki, Ermənistanın bu siyasəti azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir.

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib, beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib”, Məmmədyarov bildirib.

Ermənistan tərəfi Azərbaycan xarici işlər nazirinin çıxışında irəli sürülən məlumatlara hələ reaksiya verməyib.

XS
SM
MD
LG