Accessibility links

Brazilyanın xarici işlər naziri Azərbaycanda danışıqlar aparıb


Elmar Məmmədyarovla və Aloyzio Nunyes Ferreira

Noyabrın 15-də xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Məmmədyarov bildirib ki, iki ölkə arasında münasibətləri dərinləşdirmək barədə razılığa gəlinib.

“Ötən 6 ay ərzində ticarət dövriyyəsinin həcmi 160 milyon dollar olub. Bu, qaneedici deyil. Qərara gəlmişik ki, bu həcmi genişləndirək”.

Onun sözlərinə görə, hər iki ölkə Qoşulmama Hərəkatının üzvüdür və beynəlxalq təşkilatlarda qətnamə layihələrinə eyni şəkildə səs verir.

“Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıq. 1993-cü ildə qətnamələr qəbul edilərkən Braziliya BMT Təhlükəsizlik Şurasının üzvü idi. Qətnamələrin hələ də yerinə yetirilməməsi ciddi problemdir”.

E. Məmmədyarov gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcəyini söyləyib.

“Gələn ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşümüz olacaq. Braziliya da ora dəvət olunub. Bu gün ADA Universiteti ilə Braziliyanın müvafiq universiteti arasında saziş imzalanıb”.

Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira da səfərinin məqsədinin əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls vermək olduğunu diqqətə çatdırıb.

“Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Braziliya sülhsevər dövlətdir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz istəyirik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin”.

Nazir əlaqələrin hüquqi çərçivəsinin yaradılmasını da müzakirə etdiyini deyib.

“Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq. Azərbaycanda bir çox şirkətlər var ki, Braziliyanın investisiya proqramlarında iştirak edə bilər. Biznes sahəsində əlaqələr hazırda zəifdir. Ötən il iki ölkə arasında iqtisadi komissiya yaradılıb. Mart ayında Azərbaycandan olan nümayəndə heyəti Braziliyaya gələcək”.

Görüşdə həmçinin Brazilyadan “Embraer” təyyarəsinin alınmaslı, gül, çay və digər məhsulların ixracı və idxalı ətrafında fikir mübadiləsi aparılıb.

Aloyzio Nunyes Ferreira sullara cavabda ərazi bütövlüyü və BMT-də islahatlarla bağlı ölkəsinin möveyini diqqətə çatdırıb.

“Braziliyanın dünyada suverenliyin pozulması ilə bağlı mövqeyi uzunmüddətli siyasətə əsaslanır. Bizim mövqeyimiz sülh, təhlükəsizlik, dialoq, beynəlxalq hüquqa hörmət və ərazi toxunulmazlığına əsaslanır. Braziliyanın uzunmüddətli yanaşması var və qonşularına da bunu tətbiq edir”.

O BMT-də islahatları da vacib sayır.

“BMT-də islahatlar vacib məsələdir. Bu təşkilat dünyanı daha yaxşı təqdim edən qurum olmalıdır. BMT Təhlükəsizlik Şurasının daha demokratik və effektiv fəaliyyəti üçün islahatlar həyata keçirilməlidir”, nazir vurğulayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG