Accessibility links

Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin nazirlər konfransı keçirilir


Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin nazirlər konfransı keçirilir
Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin nazirlər konfransı keçirilir

Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı açılıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi – İstanbul Prosesi” səmərəli çoxtərəfli platforma kimi özünü sübut edb.

Onun fikrincə, bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.

Nazir bildirib ki, həmsədrliyindən istifadə etməklə Azərbaycan prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib.

“İnanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib, elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk”.

BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Jan Kubis bildirib ki, İstanbul Prosesi ilk gündən etibarən regional əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır və BMT bu prosesin tərkib hissəsi olmaqdan məmnundur.

O vurğulayıb ki, regional səviyyədə keçirilən bu proses qlobal əhəmiyyətlidir və regionda sülhün bərpasına, iqtisadi inkişafa xidmət edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbul Prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu bildirib.

“Səmərəli regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir”.

Nazir vurğulayıb ki, terrorizm, narkotiklər və ekstremizm hamı üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış edilməlidir.

"Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir”, Çavuşoğlu qeyd edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İŞİD ilə mübarizə aparmaq üçün regional formatda birgə səyləri davam etdirmək lazımdır.

O, İranın regional səviyyədə terrorizmlə, ekstremizmlə fəal mübarizə apardığını, amma böhranın siyasi yolla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Narkotiklərlə mübarizə məsələsinə toxunan İranın xarici işlər naziri ölkəsinin narkotik alverinə qarşı mübarizədə Əfqanıstan ilə fəal əməkdaşlıq etdiyini söyləyib.

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif deyib ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” mənalı dialoq üçün səmərəli müstəvidir.

“Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir”.

Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək.

Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar diqqətə çatdırıb ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır. Terrorla mübarizə üçün iqtisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin aradan qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək.

“Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiya regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğız, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG