Accessibility links

ABŞ və Böyük Britaniya səfirlikləri Cənub Qaz Dəhlizinin açılışı ilə bağlı qəbul keçirib


Sandra Oudkirk və Baronessa Nikolson
Sandra Oudkirk və Baronessa Nikolson

Mayın 29-da ABŞ və Böyük Britaniya səfirlikləri Bakıda açılan 25-ci Xəzər Neft-Qaz Sərgisi və konfransı çərçivəsində qəbul təşkil edib.

Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Nikolson bildirib ki, Birləşmiş Krallıq və Şimalı İrlandiyanın xüsusilə neft-qaz sahəsində Azərbaycanda birbaşa investor olması ilə fəxr edir.

“Bu sahədə görməli çox iş var”, o qeyd edib.

Xanım Nikolsonun sözlərinə görə, hazırda Azərbaycanda 500-dən çox Britaniya şirkəti uğurla fəaliyyət göstərir.

Baronessa Nikolson
Baronessa Nikolson

“Neft və qaz yaxın gələcəkdə Azərbaycan və dünya üçün əhəmiyyət kəsb etməkdə davam edəcək. Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etmək istəyini nəzərə alaraq birgə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyimiz digər sahələrə də diqqət etməyimiz vacibdir. Buraya təhsil, turizm, aqrosektor və digərlərini aid etmək olar”, o qeyd edib.

ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk deyib ki, ABŞ hər zaman Cənub Qaz Dəhlizi layihəsinə güclü dəstək verib.

“Bu layihənin məqsədi Avropa enerji təhlükəsizliyinə töhfə verməkdir. İnanıram ki, yaxın gələcəkdə qazın Avropaya çatdırılmasını qeyd edəcəyik”.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi genişlənə bilən bir sistem vasitəsi ilə regiondakı ölkələrin birgə işləməsi üçün imkanlar yaradır.

“Biz inanırıq ki, bu sistem vasitəsi ilə regiondakı ölkələr şərqi Aralıq dənizi, İraq və digər ölkələr Avropaya nəql ediəcək qaz həcminin artırılmasında iştirak edəcək. ABŞ bu işin uğurla həyata keçirilməsini mümkün edəcək. Baxmayaraq ki, ABŞ bu layihədə birbaşa iştirak etmir. ABŞ hökuməti müxtəlif qurumlar, agentliklər vasitəsi ilə layihəyə güclü dəstək verir. ABŞ-ın Cənub Qaz Dəhlizinə verdiyi bu önəm Birləşmiş Ştatlar hökumətinin TAP layihəısinin təhlükəsizlik məsələlərinə verdiyi önəmin bariz göstəricisidir. ABŞ layihənin uğurunu təmin etmək üçün dəhliz boyu yerləşən bütün tərəfdaşları ilə işləməkdə davam edəcək. Çünki ABŞ administrasiyası tərəfdaşlarının enerji təhlükəsizliyini dəstəkləməkdə sadiqdir”.

Sandra Oudkirk
Sandra Oudkirk

ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini deyib ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq alternativ, yəni bərpa oluna bilən enerji məsələlərinə də çox böyük diqqət yetirir.

“Sonda enerji təhlükəsizliyi həm mənbənin, həm nəqlin, həm də təyinat məntəqələrinin müxtəlifləşdirilməsi deməkdir. Biz Cənub Qaz Dəhlizinin birgə həm Xəzər bölgəsində iqtisadi inteqrasiyasının artırılmasına, eyni zamanda Avropada tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatına köməklik göstərə bilərik. Hesab edirəm ki, bu çox möhtəşəm bir imkandır ki, Avropadakı tərəfdaslarımız öhdəlilklərini yerinə yetirsinlər”, o qeyd edib.

Qəbuldan sonra keçirilən brifinqdə Amerikanın Səsinin İran və Rusiyanın Xəzər hövzəinə sahil dövlətlərdən başqa dövlətlərin buraxılmaması ilə bağlı bəyanatları barədə sualının cavabına cavab verməyiblər.

“Bu sual mənim məsuliyyət dairəmdən kənardadır. Bu səbədən müsahibə zamanı bu barədə danışmaq istəməzdim”, xanım Sandra Oudkirk qeyd edib.

Amerikanın Səsinin ABŞ və Böyük Britaniya hökumətlərinin strategiyalarında Cənub Qaz Dəhlizinin davamı kimi nəyi nəzərdə tutması barədə sualının cavabında isə Baronessa Nikolson deyib ki, artıq Cənub Qaz Dəhlizinə ilkin qaz çatdırılıb.

“Bu həm Azərbaycanın, həm də layihədə iştirak edən 11 dövlətin, SOCAR və digər şirkətlərin böyük bir uğurudur. Layihənin gələcəyinə gəlincə, bu sahədə çoxlu bacarıqlar və texniki biliklər toplanılıb. Bundan da gələcəkdə istifadə oluna bilər. Cənub Qaz Dəhlizi həm də Azərbaycanın geostrateji bir uğurudur”, o deyib.

ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini deyib ki, qısa zamanda TANAP-ın açılışı Türkiyədə qeyd olunacaq.

“Bundan sonra isə TAP-ın, - Türkiyədən İtaliyaya aparan layihənin açılışı nəzərdə tutulub. Azərbaycanın böyük uğurudur ki, bu cür mürəkkəbliyi və vacibliyi ilə seçilən böyük bir infrastrukturun əsas hissəsi məhz Azərbaycandadır. Bu həm Azərbaycanda, həm də bölgədə inteqrasiyanın həyata keçirilməsinə, iqtisadi inkişaf təkan verən layihələrdən biridir”.

Baronessa Nikolson İtaliyada TAP layihəsinin həyata keçirilməsinə qarşı müavimətin olması barədə sualın cavablnda deyib ki, müxtəlif hökumət və şirkətlərlə müzakirə apararaq layihənin enerji təhlükəsizliyi və təminatı baxımından vacibliyini izah etməyə çalışırlar.
O uzun müddət Avropa Parlamenti və Avropa Şurasında işlədiyini, Avropa hökumətləri ilə yaxşı tanış olduğunu bildirib.

"İtalyanlar düşündüklərini deyiblər. Hazırda onlar hökumətlərinin aqibətinə dair məsələləri həll etməyə çalışırlar. Səbirli olmalıyıq, ilk olaraq İtaliya hökumətindəki məsələlər həll olunmalıdır", o qeyd edib.

XS
SM
MD
LG