Accessibility links

"Ədalət Naminə Həmrəylik" Komitəsi siyasi məhbus probleminin həllini istəyir


"Ədalət Naminə Həmrəylik" Komitəsinin üzvləri Azərbaycan hakimiyyətini siyasi məhbuslar problemini həll etməyə, cəmiyyətdəki gərginliyi və beynəlxalq ictimaiyyətin tənqidini aradan qaldırmağa çağırıb. Bu barədə avqustun 8-də komitənin iclasında bildirilib.

"Biz bütün siyasi məhbusların taleyindən narahatıq, amma 6 ildir həbsdə olan, orada təzyiqə məruz qalan gənc fəal İlkin Rüstəmzadənin taleyi xüsusi narahatlıq doğurur", komitənin bəyanatında bildirilir.

Sənəddə həmçinin hökuməti REAl Partiyasının lideri İlqar Məmmədova bəraət verərək, onu azad etməyə çağırılır.

"İlqar Məmmədov 6 ilə yaxındır həbsxanadadır. Onun bu günlərdə məhkəməsi olacaq. İnanırıq ki, hakimiyyət bu günahını təmizləyəcək və İlqar Məmmədova bəraət verərək onu azadlığa buraxacaq. İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) iki qərarı da var”.

Bəyanatda hakmiyyət 11 illik həbs cəzası çəkdikdən sonra əlavə 7 il həbsə məhkum edilən keçmiş səhiyyə naziri Əli İnsanovu, habelə digər siyasi məhbuslar - Fikrət Fərəməzoğlunu Rəşad Ramazanovu, Məmməd İbrahimi, Asif Yusiflini və başqa siyasi məhbusları azad etməyə çağırılır.

Komitə həbsdə olan bloger Mehman Hüseynovun ölüm ayağında olan anası ilə vidalaşmaq üçün buraxılmamasını tənqid edib.

"Cəmiyyət Mehman Hüseynovun humanizm prinsiplərindən irəli gələrək əvf olunmasını alqışlayardı", bəyanatda bildirilir.

Komitə hakimiyyəti bir il əvvəl dövlətə xəyanət və casusluq ittihamı ilə bir qrup zabitin əsassız həbsini, onlara ölümcül işgəncə verilməsini araşdırmağa çağırıb.

Sənəddə həmçinin Gəncə hadisələrini işıqlandıran bir sıra saytların bloklanması, jurnalistlər Mustafa Hacıbəyli və Pərviz Həşimlinin təqibi pislənir.

İndi saytlara qarşı yeni dalğa başlayır. Dünən Rabitə Nazirliyinin müraciətiilə az24saat.org.az saytı bloklanıb. Həmçinin, bir sıra saytlara qarşı iddia qaldırlıb.

“Bu məntiqə sığmayan addımlar beynəlxalq aləmdə ölkənin imicinə xələl gətirir. Bu əməllərin təşəbbüskarı olan məmurları müəyyən edib cəzalandırmaq lazımdır. Azərbaycanda mətbuat azadlığının sərhədləri genişləndirilməlidir və bu sahəyə bir sıra məmurların nəzarətindən xilas olmaq lazımdır”, bəyanatda bildirilir.

"Ədalət Naminə Həmrəylik" Komitəsinə vətəndaş cəmiyyətinin məşhur fəalları və jurnalistlər - Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mehman Əliyev, Əvəz Zeynallı, Hilal Məmmədov, Elşən Həsənov, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl, Elçin Məmməd, Aytəkin İmranova və başqaları daxildir.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi baxışlarına, fikirlərinə görə insanların təqib olunmadığını, fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir.

Azərbaycan media azadlığı indeksinə görə 163-ci yerdədəir. Beynəlxalq təşkilatlar ölkədə media və jurnalistlərə qarşı təqibləri pisləyən bəyanatlarla çıxış edir. Yerli hüquq müdafiəçiləri 160-dək insanı siyasi məhbus kimi tanıyıb. Beynəlxalq Əfv (Amnesty İnternational) təşkilatı ondan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG