Azərbaycanın elektrik stansiyasında baş vermis qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb. “Azərbaycan” İES və Mingəçevir - Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı “Azərenerji” ASC-yə tapşırıqlar verilib. Eyni zamanda xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub. Bu barədə Energetika Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, Dövlət Komissiyasına verilmiş tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.
İyulun 3-də gecə və axşam Mingəçevir İES-də qəza nəticəsində ölkə ərazisində elektrikin verilməsində saatlarla fasilələr yaranıb.
İyulun 12-də isə Bakı və bir çox rayonlar bir neçə saat işıqsız qalıb və bu, Ağsu və Yevlax rayonlarında yüksək gərginlikli elektrik verilişi xətləri yaxınlığında buğda tarlalarında yanğınla izah olunub.
Qəzadan sonra prezident İlham Əliyev qəzanın səbəblərinin öyrənilməsi və dayanıqlı sistemin qurulması üçün təkliflərin hazırlanması məqsədi ilə Dövlət Komissiyası yaradıb.