Accessibility links

Slovakiya Milli Şurası Rusiyanı terrorizmin sponsoru, Rusiya rejimini isə terrorçu kimi tanıyıb


"Actuality" nəşrinin yazdığına görə, Slovakiya Milli Şurası (parlamenti) Rusiyanı terrorizmin sponsoru, Rusiya rejimini isə terrorçu tanıyıb.

Slovakiya parlamenti Rusiyanın Ukraynaya hücumunu bir daha pisləyən və Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edən qətnamə qəbul edib. Qətnamədə həmçinin indiki Rusiya rejimi terrorçu, Rusiya isə terrorizmin himayədarı dövlət adlandırılıb.

Milli Şuranın deputatları Rusiyanın Ukraynanın mülki əhalisinə, mülki qurumlarına və əsas enerji infrastrukturuna hücumlarını pisləyib. Qanunvericilər eləcə də Rusiyanın nüvə silahından istifadə ilə bağlı birbaşa və dolayısı ilə təhdidlərini pisləyib.

Bundan əlavə, qətnamədə Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporijye vilayətlərində keçirilən psevdoreferendumların nəticələrinin tanınmadığı bildirilib. Sənəddə "Bu ərazilər Ukraynanın tərkib hissəsidir" deyilib.

Slovakiya parlamenti beynəlxalq ictimaiyyətin Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi tribunal yaratmaq səylərini dəstəklədiyini bildirib.

Sənəddə eləcə də Slovakiya qanunvericilərinin Rusiyanın Slovakiya ərazisində apardığını guman etdiyi hibrid müharibəsini pisləyib. Sənəddə ölkənin hüquq-mühafizə orqanları, kəşfiyyat xidmətləri və digər səlahiyyətli orqanları Slovakiyanın təhlükəsizliyini və demokratiyasını qorumaq üçün təhlükəyə qarşı təsirli tədbirlər görməyə çağırılıb.

XS
SM
MD
LG