Somali rəsmiləri bildirir ki, paytaxt Moqadişuda Əl-Şəbəb militant qrupunun mehmanxanaya hücumu nəticəsində ilkin məlumata görə altı nəfər həlak olub, baş nazirin müavini isə yaralanıb.
Amerikanın Səsinin Moqadişudakı müxbiri bildirib ki, ilk partlayış Milli Teatr binasının yanında yerləşən Central Hotel mehmanxanasında qonaqların cümə ibadətlərini başa vurduqları zaman baş verib. Daha sonra ikinci partlayış baş verib və atışma başlayıb.
Baş nazirin müavini Məhəmməd Ömər Arte yaralananlar arasındadır, deyə rəsmilər bildirib. Ölənlərin sayının bundan artıq olduğuna inanılır.
Prezident Həsən Şeyx Məhəmməd Tvitter sosial şəbəkəsində mesajında hücumu pisləyərək hadisəni özbaşınalıq adlandırıb və hadisədə zərər çəkənlər üçün dua etdiyinideyib.
Əl-Şəbəb hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Militant qrup son illərdə Somalidə İslam qanunlarının tətbiq edilməsi üçün dəfələrlə hökumət rəsmiləri və mülki vətəndaşlara qarşı hücumlar törədib.