Accessibility links

Biləsuvarda məcburi köçkünlər ilə polis arasında qarşıdurma olub [Video]


Aksiya ilə bağlı Baş prokurorluq və Daxili İşlər Nazirliyi birgə rəsmi məlumat yayıb

Dekabrın 22-si axşam saatlarında Cəbrayıl rayon köçkünlərinin Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə etiraz aksiyaları keçirilib.

Turan agentliyinə yerli məbələr bildirib ki, məcburi köçkünlər elektrikin köçkün qəsəbələrinə fasilələrlə verilməsinə etiraz ediblər.

Hadisə şahidlərinin məlumatına görə, əraziyə polis qüvvələri cəlb olunub.

Vətəndaşlarla polis arasında hətta qarşıdurma baş verdiyi, saxlanılanların olduğu deyilir.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev etiraz aksiyası keçirildiyini bir sıra saytlara təsdiqləyib. Onun sözlərinə görə, hazırda köçkünlərin yaşadığı həmin 11 qəsəbədə vəziyyət stabildir.

“Axşam saatlarından etibarən məcburi köçkünlərə elektrik enerjisi verilməsi bərpa olunub. Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işığı kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda tam sakitlikdir, heç bir iğtişaş yoxdur”, A.Fərzəliyev bildirib.

Öz növbəsində aksiya ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, dekabrın 22-də Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş ediblər.

Məlumata görə, mühafizə qüvvələri razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, habelə, 1 xidməti avtomobilin şüşələrini sındırıblar.

Görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı alınıb, hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar.

Xəsarət almış 9 əməkdaşdan 6-na ilkin tibbi yardım göstərilib, 3-ü isə xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

XS
SM
MD
LG