Accessibility links

Suriyada bomba partlayışında onlarla insan həyatını itirib


Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 40 adamın öldüyü bildirilir. Bu haqda məlumatı xəstəxana və yardım işçiləri verib.

Britaniyada qərargahlanan Suriyada İnsan Haqları Müşahidə qrupunun bildirdiyinə görə, partlayış üsyançıların nəzarətində olan Azaz şəhərində izdihamlı bazarda baş verib. Qrup partlayış zamanı altı müxalifət döyüşçüsünün öldüyü haqda məlumat verib.

Həvəskar videoda partlayışdan sonra bazarda yaranmış qarışıqlıq nümayiş etdirilib, arxada isə atəş səsləri eşidilib. Partlayış nəticəsində hökumət binaları və məhkəmə binasına zərər dəyib.

Suriyada kövrək atəşkəs rejiminin davam etdiyi zaman baş vermiş hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Şənbə günü baş vermiş partlayışdan öncə də atəşkəşin pozulması halları müşahidə edilib. Bu həftənin əvvəli Cableh şəhərində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 14 nəfər həyatını itirib.

Keçən həftə hökumət qüvvələri paytaxt Dəməşq ətrafında hücum əməliyyatlarını intensivləşdirib. Üsyançı qrupların koalisiyası isə bu ayın sonu planlaşdırılan sülh danışıqlarında iştirak etməyəcəyini bildirib.

XS
SM
MD
LG