Accessibility links

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyada münaqişə ilə bağlı Rusiyanın mövqeyinə aydınlıq gətirib


Moksva və Dəməşq arasında sovet dövründən müttəfiqlik münasibətləri mövcuddur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya ilə bağlı qərbin mövqeyini kəskin tənqid edib. Kreml Suriyaya qarşı hərbi müdaxiləyə münasibətdə hələ də müxalif mövqedə qalır.

Sergey Lavrov bildirib ki, Rusiya hərbi müdaxiləyə razılaşmadığı təqdirdə qərb ölkələrinin BMT-nin 300 silahsız müşahidəçinin Suriyadan çıxarılacağı ilə bağlı təhdidləri şantaj mahiyyəti daşıyır.

Lavrov bu açıqlamanı BMT-nın xüsusi nümayəndəsi Kofi Annanın Suriyada zorakılığın qarşısını almaq səyləri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşündən öncə verib.

Lavrov hətta "şantaj elementləri"nə görə təəssüf hissi keçirdiyini deyib. "Bizə dedilər ki, əgər BMT Nizamnaməsinin 7-ci fəslində qeyd olunan qətnaməni qəbul etməyə razı olmasaq, monitorinq qrupunun missiyasını uzatmaqdan imtina edəcəklər. Mən bunu tamamilə qeyri-məhsuldar və təhlükəli yanaşma sayıram, çünki monitorinq qrupundan sövdələşmə vasitəsi kimi istifadə etmək qəbuledilməzdir”-deyə Lavrov bildirib.

Birləşmiş Millətlər Təşkilatı cənab Annanın atəşkəsə dair sülh planının həyata keçirilməsinə nəzarət etmək üçün missiyaya üç ay müddətinə səlahiyyət verib. Lakin plan 15 aydan artıq bir müddət davam edən qan tökülməsinin qarşısını almağa nail ola bilməyib.

Moskva ilə Dəməşq hələ sovet dövründən müttəfiq olublar və bir çox qərb dövləti Suriyada zorakılığa son qoymağa kömək etmək üçün Rusiyanın başilica rol oynaya biləcəyinə inanır.

"Siz dəfələrlə eşitmisiniz ki, Suriya probleminin həllinin açarı Rusiyadadır və Rusiyaya deyiblər ki, Əsədi öz istəyi ilə istefa verməyə inandırmalısınız" -deyə Lavrov bildirib.

Lakin xarici işlər naziri bunların real olmadığını deyir. "Məsələ bizim sədaqətliliyimiz, rəğbət, nəyinsə xoşumuza gəlməməsində deyil. Çünki Əsəd sadəcə olaraq getməyəcək. Ona görə yox ki, biz onu dəstəkləyirik, sadəcə olaraq ona görə ki, əhalinin cox əhəmiyyətli hissəsi onun tərəfindədir”-deyə Lavrov bəyan edib.

Moskva dəfələrlə sülhə nail olmaq üçün münqaşinin tərəfləri arasında dialoqun vacibliyini vurğulayıb. Keçən həftə Lavrov Suriya müxalifəti ilə danışıqlar aparıb. Müxalifət liderləri Lavrova Moksvanın Suriyada Əsəd rejimini dəstəkləməklə sülhün əldə olunmasına mane olduğunu deyiblər.

Lavrov Suriyanın xaricində və daxildə olan siyasi müxalifətə radikal mövqe göstərməmələri üçün təzyiq edilməsinin vacib olduğunu bildirib. Belə bir mövqe, onun sözlərilə, Suriya Milli Şurasının yeni lideri tərəfindən nümayiş etdirilib. "Bu mövqeyə görə, hazırda Suriyada inqilab gedir. Əgər bu inqilabdırsa, o zaman nə üçün BMT və beynəlxalq birlik buna cəlb olunub?”- deyə Lavrov sual edib.

Prezident Vladimir Putin Rusiyanın Əsəd rejimini deyil, yalnız Suriya xalqının təhlükəsizliyini dəstəklədiyini bildirib.
XS
SM
MD
LG