Accessibility links

Türkiyə ilə Ukrayna hərbi əməkdaşlıq razılığı imzalayıb


Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Ukrayna cümə günü İstanbulda hərbi əməkdaşlıq razılığı imzalayıblar. Bu, onların Rusiyanın Qara Dəniz regionundakı nüfuzunu tarazlaşdırmaq cəhdi olaraq görülür.

Rəsmilərin bildirdiyinə görə, Ukrayna prezidenti Volodimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesinə dair “dostluq” razılığı və “hərbi çərçivə razılığının” imzalama mərasimində iştirak ediblər. Onlar razılıqla bağlı təfərrüatları dərhal açıqlamayıblar.

“Türkiyə Ukraynanı regionda sabitlik, təhlükəsizlik, sülh və firavanlığın yaranması üçün əsas ölkə olaraq görür,” Ərdoğan son illərdə hərbi əlaqələrini gücləndirən iki Qara Dəniz ölkəsi arasında keçirilən imzalama mərasimindən sonra deyib.

Zelenski razılığın “yeni imkanlar”a yol açdığını deyib.

“Müdafiə sənayesində əməkaşlıq bizim strateji əməkdaşlığımızın inkişafı üçün çox mühümdür və mən şadam ki, biz bu gün bu əməkdaşlığı gücləndiririk,” o deyib.

Ukrayna ötən il Türkiyənin istehsal etdiyi dronları almaq üçün razılıq imzalayıb. İki ölkənin həmçinin təyyarə mühərriyi inkişaf etdirməklə bağlı danışıqlar apardığı bildirilir.

Bu razılıq Dağlıq Qarabağ münaqişəsinin Türkiyənin Rusiya ilə münasibətlərini sınağa çəkdiyi bir vaxta təsadüf edir. Türkiyə bu münaqişədə Azərbaycanı dəstəkləyir, Rusiyanın isə Ermənistanda hərbi bazası var. Bundan əlavə Rusiya ilə Ermənistan arasında təhlükəsizlik sazişi mövcuddur. Bu sazişə əsasən Ermənistana hücum olduğu təqdirdə Moskva müdaxilə edə bilər.

Ankara və Moskva güclü iqtisadi əlaqələr qursalar və Suriya və Liviyada ortaq maraqları olsa da, onlar arasındakı münasibət asan olmayıb və iki ölkə geo-siyasi rəqib olaraq qalır.

Ərdoğan cümə günü Türkiyənin Rusiyanın Ukraynanın Krım Yarımadasının ilhaqını tanımağı rədd etdiyini bir daha vurğulayıb.

“Türkiyə Krımın qanunsuz ilhaqını tanımayıb və heç vaxt tanımayacaq,” o deyib.

Bu arada isə Zelenski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Ərdoğanı dövlət medalı ilə təltif edib.

Şərhlərə bax

XS
SM
MD
LG