Accessibility links

Türkiyə Səudiyyə Ərəbistanı vəliəhdinin 2 keçmiş müşavirinin həbsini istəyir


Türkiyə Washington Post qəzetinin yazarı Camal Xaşuqçinin qətli ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın iki keçmiş müşavirinin həbsini istəyir. Onların hər ikisi dissident jurnalistin qətlindən sonra vəzifələrindən kənarlaşdırılıb.

Türkiyənin rəsmi Anadolu xəbər agentliyi çərşənbə günü məhkəmənin kral hökumətinin keçmiş müşaviri Səud Əl-Qahtani və kəşfiyyat agentliyinin direktorunun keçmiş müavini Əhməd Əl-Assirinin həbsinə dair order verdiyi haqda məlumat verib. Keçmiş iki yüksək səviyyəli rəsminin Camal Xaşuqcinin oktyabr ayında Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlə yetirilməsi və cəsədinin hissələrə bölünməsi əməliyyatına nəzarət etdiyinə inanılır. Səudiyyə Ərəbistanı rəsmiləri Xaşuqcini qətlə yetirən şəxslərin öz səlahiyyətlərini aşdığını bildirirlər.

İstanbulun baş prokurorunun məhkəməyə təqdim etdiyi sənəddə səudiyyəli müşavirlərin qətlin planlaşdırılmasına cəlb edildiyinə dair “ciddi şübhələrin” olduğu bidirilir.

Türkiyə Səudiyyə Ərəbistanından iddia edilən 15 nəfərlik sui-qəsd qrupunun üzvləri də daxil olmaqla, 18 şübhəlinin ekstradisiyasına çalışır. Ankara hökuməti məhkəmənin Türkiyədə keçirilməsinin prosesin şəffaflığı və hesabatlılığını təmin edə biləcəyini və Səudiyyə Ərəbistanının təhqiqatla tam əməkdaşlıq etmədiyini bildirir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Brüsseldə danışan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Səudiyyə Ərəbistanının apardığı təhqiqatla bağlı “təmkinlə” informasiya verilməsini istəyir. Çavuşoğlu deyib ki, bunun əvəzinə Səudiyyə Ərəbistanı “ziddiyyətli bəyanatlar” verir. O, krallığı “bizə və beynəlxalq ictimaiyyətə münasibətdə şəffaflıq nümayiş etdirməyə, təhqiqatların nə ilə nəticələndiyi haqda məlumatları bölüşməyə” çağırıb.

Təhqiqatla bağlı məlumatı olan yüksək səviyyəli Türkiyə rəsmisi adının açıqlanmaması şərtilə danışaraq bildirib ki, həbs orderinin verilməsi Türkiyənin Səudiyyə Ərəbistanının şübhəliləri məsul tutmadığı haqda mövqeyini əks etdirir.

İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin qətlinə etiraz edən insanlar üzərində onun fotosu olan posterləri saxlayır, 25 oktyabr, 2018.
İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin qətlinə etiraz edən insanlar üzərində onun fotosu olan posterləri saxlayır, 25 oktyabr, 2018.

“Beynəlxalq ictimaiyyət belə görünür, Səudiyyə Ərəbistanının bu dəhşətli cinayətə görə məsuliyyət daşıyanları cəzalandırılmasına dair təəhhüdünə şübhə ilə yanaşır. Səudiyyə rəsmiləri bu narahatlıqları ünvanlamalıdırlar” - deyə, Türkiyə rəsmisi bildirib.

Səudiyyə Ərəbistanı 21 nəfərin həbs edildiyini və onlardan beşinə ölüm hökmünün verilməsini istədiyini bildirib. Səudiyyə Ərəbistanı rəsmiləri əvvəlcə vəliəhd haqda tənqidi yazıları ilə tanınan Xaşuqcinin konsulluğu tərk etdikdən sonra yoxa çıxdığını bildirirdilər. Krallıq onun qətlə yetirildiyini yalnız Türkiyə mətbuatında kəşfiyyatdan sızan məlumatlara əsasən, əməliyyatla bağlı geniş məlumatlar verildikdən sonra etiraf edib.

Biz həmçinin beynəlxalq təhqiqata çağırırıq. Biz BMT-nin baş katibinə cinayət işinin təhqiq edilməsinə, beynəlxalq təhqiqata ehtiyac olduğunu çatdırmışıq.
Mişel Baçalet

ABŞ-da yaşayan və Washington Post qəzetinin yazarı olan Camal Xaşuqci şahzadə Məhəmməd bin Salman və Ər-Riyadın Yəməndə hərbi müdaxiləsinin kəskin tənqidçilərindən biri idi. O, türkiyəli nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə oktyabrın 2-də İstanbuldakı konsulluğa getmişdi. Onun cəsədi tapılmayıb və Türkiyə dəfələrlə Səudiyyə Ərəbistanı rəsmilərindən cəsədin yox edilməsində iştirak edildiyi güman edilən yerli əməliyyatçının şəxsiyyəti ilə bağlı məlumat vermələrini tələb edib.

ABŞ kəşfyyatının qiymətləndirməsi və ekspertlərin fikirlərinə əsasən, qətlin vəliəhdin xəbəri olmadan baş verməsi mümkün görünmür.

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Mişel Baçelet səudiyyəli dissident jurnalist Camal Xaşuqcinin qətli ilə əlaqədar beynəlxalq təhqiqatın aparılmasına ehtiyac olduğunu bildirib.

Cenevrədə İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə keçirilən tədbirdə danışan Baçelet BMT-nin insan hüquqları agentliyi ilə əlaqəsi olan ekspertlərin də eyni çağırışla çıxış etdiyini deyib.

BMT-nin insan haqları ofisinin rəhbəri Mişel Baçalet
BMT-nin insan haqları ofisinin rəhbəri Mişel Baçalet

“Biz həmçinin beynəlxalq təhqiqata çağırırıq. Biz BMT-nin baş katibinə cinayət işinin təhqiq edilməsinə, beynəlxalq təhqiqata ehtiyac olduğunu çatdırmışıq” - deyə, Mişel Baçelet bildirib.

Lakin o deyib ki, onun ofisi cinayət işi üzrə təhqiqat aparmaq üçün mandata malik deyil.

Çavuşoğlu bildirib ki, Türkiyə beynəlxalq təhqiqatdan kənarda qalmayacaq. O, məsələni NATO həmkarları ilə, prezident Rəcəb Tayyib Ərdoğanın isə keçən həftə G-20 sammitində dünya liderləri ilə müzakirə etdiyini əlavə edib.

XS
SM
MD
LG