Accessibility links

“Təbriz niyə Tehranı deyil, Yaponiyanı dəstəklədi?”


Asiya Çempionlar Liqasının 2018 mövsümü Kaşima Antlersin çempionluğu ilə sona çatdı, amma geriyə İran mediasının gündəmini məşğul edən bir sual qalıb - “Traktor Sazi tərəfdaları nədən İranın deyil, Yaponiyanın nümayəndəsini dəstəklədilər?”

Asiya Çempionlar Liqasının final oyunu noyabrın 10-da Tehranda Yaponiyanın nümayəndəsi Kaşima Antlersin Tehranın Perspolis komandası üzərində qələbəsi ilə tamamlandı.

Təbriz stadionunda 10 minlərlə türk azarkeş Perspolis əleyhinə şüarlar səsləndirərək "Yaşasın Kaşima" deyiblər.

Final oyunundan bir gün öncə, İran mediası və sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, Təbrizdə Traktorsazi və Zobahən komandaları arasında keçirilən matç zamanı “10 minlərlə türk azarkeş Perspolis əleyhinə şüarlar səsləndirərək 'Yaşasın Kaşima' deyiblər.”

“Təbriz Stadionunda öncə bir neçə azarkeş yapon komandaya dəstək bildirib, sonra Perspolis əleyhinə şüar verməyə başladılar. Amma bir neçə dəqiqə sonra stadionun tamamı, yəni 40 mindən artıq azarkeş Kaşimanın lehinə və Perspolisin əleyhinə şüarlar səsləndirdilər,” Mashregh News dərc edib.

Traktorsazi klubunun sahibi Məhəmməd Rza Zunuzi bu barədə “Varzesh 3” internet portalının suallarını cavablandırıb.

M.R. Zunuzi: Siz bütün futbol sevərləri məcbur edə bilməzsiniz ki, Perspolisin finala getməsi üçün sevinsinlər! Bu doğru deyil.”
M.R. Zunuzi: Siz bütün futbol sevərləri məcbur edə bilməzsiniz ki, Perspolisin finala getməsi üçün sevinsinlər! Bu doğru deyil.”

Zunuzi deyib ki, “bu məsələni ətraflı danışmaq lazimdir. Tehranın Perspolis komandasına həddindən artıq diqqət göstərilib və oyunlarına milli matç kimi baxılır. Bu matçın (Perspolis-Kaşima) milli bir cəhəti var, amma günün sonunda bu bir klub oyunudur. Siz bütün futbol sevərləri məcbur edə bilməzsiniz ki, Perspolisin finala getməsi üçün sevinsinlər! Bu doğru deyil.”

Keçən iyun ayında Xoy və Urmiyə millət vəkilləri Tağı Kəbiri və Nadir Qazipur İstiqlal və Perspolis kimi Tehran komandalarının həddindən artıq dövlət imkanlarından istifadə etməsinə, habelə Traktorsazi kimi komandalara kifayət qədər dəstək verilməməsinə etiraz bildirmişdilər.

İranın yarı-rəsmi xəbər agentliyi İLNA Traktorsazi azarkeşlərinin Kaşima komandasına verdiyi dəstəyi “qəribə bir olay” kimi dəyərləndirib. Agentlik bu xəbərin yapon mətbuatının da gündəmində olduğunu bildirib.

"Yaşasın Kaşima" plakatı - Təbriz
"Yaşasın Kaşima" plakatı - Təbriz

İran Azərbaycanında ‘türk kimliyinin simvolu’ kimi tanınan Təbrizin Traktorsazi futbol komandasının azarkeşləri mütəmadi şəkildə stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib və “Urmiyə Gölünün qurudulması” həmçinin qadınların stadionlara giriş yasağına etiraz edirlər.

XS
SM
MD
LG