Rəsmi Tehran ABŞ dövlət katibinin İranla bağlı açıqladığı strategiyanı "İranın daxili işlərinə müdaxilə" kimi qiymətləndirib.
İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, ABŞ-ın əsassız və alçaldıcı iddiaları dünya ictimaiyyətinin diqqətini “qanunsuz əməlləri və nüvə sazişinin öhdəliklərinə əməl etmədiyindən” yayındırmaq mahiyyəti daşıyır.
“ABŞ təkcə beynəlxalq qaydalar deyil, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini də pozur”- deyə, bəyanatda vurğulanır.
ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların İranla bağlı strategiyasını bazar ertəsi açıqlayıb. O, ötən ay bu posta gəldikdən sonra ilk böyük çıxışını edib.
Pompeo İranla yeni nüvə sazişinə nail olmaq üçün “diplomatik yol xəritəsi” açıqlayıb. O, Vaşinqtondakı mühafizəkar Heritage Fondunda çıxış edib.
Yeni sazişə əsasən İran nüvə fəaliyyətlərindən tamamilə əl çəkməli, ballistik raket proqramına son qoymalıdır. Pompeo Tehranın Yaxın Şərqdə sabitsizləşdirici fəaliyyətlərinin dayandırmalı olduğunu qeyd edib.
"İran kursunu dəyişməsə misilsiz bir maliyyə təzyiqi ilə üzləşəcək" , Pompeo vurğulayıb.
"Tarixdə ən ağır sanksiyalar tətbiq edilmiş olacaq. İran rejimi illərdir Yaxın Şərqdə döyüşlər aparır. Sanksiyalarımız tam qüvvəyə mindikdə, İran yalnız iqtisadiyyatını canlı saxlamaq üçün döyüşəcək"- deyə, ABŞ-ın dövlət katibi əlavə edib.
Tramp nüvə sazişindən çıxdığını, İrana iqtisadi sanksiyaların bərpa olunacağını mayın 8-də açıqlayıb.
Sənədi imzalamış digər ölkələrsə ona sadiqliklərini dilə gətirib.