Accessibility links

Azərbaycanda yeni dərs ili başlayıb


Sentyabrın 15-də Azərbaycanın bütün məktəblərində yeni tədris ili başlayıb.

Bu gün prezident İlham Əliyev Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasında müəllim və şagird kollektivi ilə görüşüb.

“Sizi yeni dərs ili münasibəti ilə təbrik edirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaq, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibəti ilə təbrik etmək istəyirəm”, prezident bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib.

“Bakıda 300-dən çox məktəb var: Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb təmir olunub, tikilib. İndi bölgələrdə tez tikilən modul tipli məktəblər tikilir. Onlar 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Qəzalı məktəblərlə bağlı problem də yaxın 2-3 il ərzində həllini tapmalıdır”, Əliyev bildirib.

2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərində 164 min 945 şagird birinci sinfə gedib. On birinci sinif şagirdlərinin sayı isə 87 min nəfərdir. Ölkədə 4 min 457 ümumtəhsil məktəbi fəaliyyət göstərir, bu müəssisələrdə 1 milyon 455 min 49 nəfər təhsil alır.

Bu il 71 məktəb tikilib, 12 ümumtəhsil müəssisəsində əsaslı təmir aparılıb, 460 məktəbdə cari təmir işləri görülüb, 24-də işlər davam etdirilir.

241 adda 4 milyon 563 min 416 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilərək yerlərə çatdırılıb.

XS
SM
MD
LG