Accessibility links

İlhaq edilmiş Krımda partlayışlar olduğu, Belbek aerodromunda yanğın baş verdiyi bildirilir


İlhaq edilmiş Krımda mayın 15-i axşam saatlarında yenidən partlayış səsləri eşidilib. Bu barədə yerli teleqram kanalları məlumat yayıb. Belbek aerodromunda yanğın baş verdiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi yarımadanın üzərində beş ATACMS raketinin vurulduğunu iddia edir.

Mayın 15-i axşam saatlarında ilhaq edilmiş Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib. Rusiya Hərbi Departamentinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri beş ATACMS operativ-taktiki raketini vurub. Bu, Moskva vaxtı ilə saat 23:00 radələrində baş verib.

Rusiya hakimiyyəti tərəfindən təyin edilmiş Sevastopolun “qubernatoru” Mixail Razvojayev bildirib ki, şimal tərəfdə iki fərdi ev və bir avtomobil zədələnib, digər evdə isə altı pəncərə sınıb. Onun sözlərinə görə, itki yoxdur.

Krım.Realii yazır ki, partlayışlar barədə Sevastopol, Simferopol, Cankoy və Qvardeyskoye sakinləri məlumat verib.

Bu arada Astra teleqram kanalı abunəçilərə istinadən xəbər verib ki, mayın 15-də axşam Sevastopolun şimal-qərbindəki Belbek aerodromunda yanğın baş verib.

“Krım küləyi” öz mənbələrinə istinadən iddia edir ki, Belbek aerodromuna hücum nəticəsində yanacaq anbarı yanıb.

Ukraynalıların və Krım tatarlarının “Atəş” hərəkatı öz növbəsində bəyan edib ki, Krımda bir neçə hərbi hədəfə zərbələr endirilib.

“Belbek” hərbi aerodromunun “Atəş”dən olan agentləri raket və artilleriya silahlarının əsas anbarına (80189 saylı hərbi hissə) dəqiq zərbə endirilməsi və bir neçə saat sonra partladılması barədə məlumat verirlər” – deyə, məlumatda qeyd olunub.

Qeyd olunur ki, Ukrayna şəhərlərinə hücumlar endirən Su-27, Su-30 və MiQ-31 təyyarələri üçün nəzərdə tutulan raketlərin əksəriyyəti həmin anbarda saxlanılıb.

“İkinci dərəcəli partlama nəticəsində aerodrom infrastrukturuna da ciddi ziyan dəyib” - deyə hərəkat əlavə edib.

Bu məlumatın müstəqil təsdiqi yoxdur.

Mayın 15-nə keçən gecə Krımda da partlayışlar baş verib. Onlar Belbek hava limanı ərazisində lokallaşdırılıblar. Krım.Realii yazır ki, mayın 15-ə aid peyk görüntülərinə görə, aerodromda yanğın baş verib. Razvojayevin sözlərinə görə, akvatoriya üzərində və Belbek aerodromunun yaxınlığında bir neçə raket vurulub. Daha sonra Rusiya Müdafiə Nazirliyi Krım üzərində on ədəd ATACMS-nin məhv edildiyini bildirib və Rusiyanın təyin etdiyi “qubernator” partlamamış sursatların Şimal tərəfə səpələndiyini qeyd edib.

Forum

XS
SM
MD
LG