Accessibility links

Təhlil: Rusiyanın sərt mövqeyi Tehranda çaşqınlıq doğurub


Almaniyada kansler Angela Merkellə birgə mətbuat konfransında çıxış edən Dmtiri Medvedev bildirdi ki, Tehran yeni sanksiyalarla üzləşmək təhlükəsi qarşısındadır

İran prezidenti Mahmud Əhmədinejad Tehranla Rusiya arasında gərginliklərin yüksək həddə çatmadığını deyir. Livan telekanalına verdiyi müsahibədə cənab Əhmədinejad Rusiya prezidenti Dmitri Medvedevin İranla bağlı söylədiklərinə reaksiya verib. Həmin bəyanatda Medvedev bildirmişdi ki, İran ya dünya ictimaiyyətinin səsinə qulaq asmalı ya da yeni sanksiyalarla üzləşməlidir.

Cənab Əhmədinejad LBC TV-yə müsahibədə deyib ki, İranla Rusiya arasında müəyyən gərginlik var, amma rus siyasətçilər öz maraqlarına uyğun ehtiyatla hərəkət edirlər. Rusiyanın İranla və bu ölkənin nüvə proqramı ilə çox sıx təmasları var. Belə ki, Rusiya Buşehrdə inşa edilən nüvə elektrik stansiyasının memarlığı ilə məşğuldur.

Almaniyada kansler Angela Merkellə birgə mətbuat konfransında çıxış edən Dmtiri Medvedev bildirdi ki, Tehran yeni sanksiyalarla üzləşmək təhlükəsi qarşısındadır. O, İran rəhbərliyini beynəlxalq xəbərdarlıqlara ciddi diqqət yetirməyə səslədi.

Cənab Medvedev bildirir ki, heç kəs sanksiyalar istəmir, ancaq bəzən bunların tətbiqi vacib olur və sanksiyalar barədə razılıq artıq əldə edilib. O, İran rəhbərliyini dünya ictimaiyyətinə qulaq asmağa və məsuliyyətsiz davranışa son qoymağa səslədi. Bu yolla o, problemlərin həll oluna biləcəyini vurğuladı.

Keçmişdə Rusiya ticarət tərəfdaşı olan İrana sanksiyalar tətbiq edilməsində tərəddüd göstərib.

Janes İslam Məsələləri qurumunun İran üzrə analitiki Aleks Vatanka deyir ki, Rusiya prezidentinin İranla bağlı son bəyanatı indiyədək verilmiş ən kəskin bəyanatdır və İran liderliyi bunu qulaqardına vura bilməz. "Nəzərə alanda ki, 95-ci ildən bəri Buşehrdəki nüvə elektrik stansiyasının inşası ilə məşğul olan ölkə İranın nüvə proqramında şəffaflıq olmadığını deyir, bu növ tənqidin İrana təsiri böyükdür."

Vatankanın sözlərinə görə İran artıq anlamağa başlayır ki, Rusiya və Çin ona sanksiyalar məsələsində yardım etməyəcək və bununla bağlı İran Çinə öz narazılığını eyham etmək üçün son vaxtlar Tayvanla bağlı müəyyən addımlar atıb.

Vatanka Tehranın ilk dəfə olaraq Tayvan paytaxtı Taypeydə nümayəndəlik açması planlarının birdən-birə meydana çıxmasının təəccüb doğurduğunu söyləyir. Onun sözlərinə görə bu, onu göstərir ki, Tehran Çinə tam etimad göstərmir və ona təzyiq qoymağa cəhd göstərir.

Bu arada yüksək rütbəli BMT trəsmiləri Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Braziliya və Türkiyənin etirazlarına bamayaraq sanksiyaların tətbiqi məsələsində irəliyə doğru hərəkət etdiklərini xəbər verir.

XS
SM
MD
LG