Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Belarus hökumətinin şərnişin təyyarəsini Minskə endirməsindən və təyyarədəki dissidenti həbs etməsindən sonra dünya boyu insanların göstərdiyi dəstəyi alqışlayıb.
“Litva və dünya boyu gördüyüm dəstək məni çox duyğulandırır,” Tixanovskaya mayın 29-da Vilnüsda müxbirlərə bildirib. Həmin gün bir neçə Avropa ölkəsinin paytaxtında Belarus müxalifəti ilə qlobal həmrəylik gününün bir hissəsi olaraq etirazlar keçirilib.
Daha sonra Tixanovskaya Twitter-də “bügünki gözəl ab-havaya” görə minnətdarlığını bildirib. Tixanovskaya etirazların 2020-ci ilin avqust ayında avtoritar lider Aleksandr Lukaşenkoya qarşı namizədliyini irəli sürməyi planlaşdıran populyar bloger Sergey Tixanovskinin həbsinin birinci ildönümünü qeyd etməyə çağırıb.
Tixanovksi hazıda həbsdədir və seçkidə iştirak etmək cəhdi ilə əlaqədar ona qarşı sürülən ittihamlar üzrə təqsirli tanınsa hələ bir çox il həbsdə qala bilər.
Vilnüsda həmrəylik etirazlarından əlavə olaraq Kyiv və Varşavada da nümayişlər keçirilib. Varşavada mayın 23-də sevgilisi Sofia Sapeqa ilə birlikdə təyyarədə saxlanılan belaruslu jurnalist Roman Protaseviçin valideynləri nümaiyişçilər önündə çıxış edib.
“Mən bütün Aİ ölkələri və Birləşmiş Ştatlardan Roman və Sofianın, habelə həbs olunan hər kəsin sərbəst buraxılmasına yardım etmələrini xahiş edirəm,” Protaseviçin anası Natalia yüzlərlə insandan ibarət izdiham önündə söyləyib.
“Biz azad ölkədə, hər kəsin öz inanclarını dilə gətirə bildiyi ölkədə yaşamaq istəyirik,” onun atası Dmitri əlavə edib.
Nümayişçilər əllərində Protaseviç və Sapeqanın şəkillərini nümayiş ediblər və Belarus müxalifətini təmsil edən qırmızı və ağ bayraq dalğalandırıblar.
Onlar “Yaşasın Belarus” şüarını səsləndiriblər və əllərində “Belarusa Yarım Edin” və “Belarus üçün Azadlıq” şüarları yazılan plakatlar tutublar.
26 yaşlı Prataseviç vətəndaş iğtişaşlarına səbəb olmaq ittihamı ilə üzləşir ki, bu 15 il həbs cəzası ilə nəticələnə bilər.
Media Azadlığı Koalisiyasının üzvləri mayın 29-da bəyanat yayaraq təyyarənin zorla istiqmətinin dəyişdirilməsini və Protaseviçin həbsini pisləyiblər.
“Bu misli-görülməmiş və şokedici addım media azadlığına qarşı hücumdur və ifadə və düşüncə azadlığı üçün ciddi nəticələri var,” koalisiya ABŞ Dövlət Departamentinin vebsaytında yerləşdirilən bəyanatında bildirib.
21 ölkənin hökuməti tərəfindən imzalanan bəyanatda qeyd olunub ki, Belarusda təxminən 400 jurnalist və media işçisi mübahisəli 9 avqust seçkisini işıqlandırdığına görə müxtəlif repressiyalara məruz qalıb.
Media Azadlığı Koalisiyası həmçinin Protaseviç və bütün digər jurnalistlər və media işçilərinin dərhal və qeydsiz-şərtsiz azadlığa buraxılmasına çağırıb.