Accessibility links

Trampın keçmiş kampaniya meneceri məhkum olunub, keçmiş vəkili günahını etiraf edib


ABŞ prezidenti Trampın iki yaxın müttəfiqi-keçmiş kampaniya meneceri Pol Manafort məhkum olunub, onun keçmiş vəkili Maykl Kohen isə günahını etiraf edib.

Prezident Tramp çərşənbə axşamı Qərbi Virciniya ştatında seçicilərlə görüşdə keçmiş kampaniya meneceri Pol Manafortun məhkum olması ilə bağlı heç bir açıqlama verməyib. Virciniya ştatında keçirilən məhkəmədə bank və vergi saxtakarlıqlarında günahkar tanınan Manaforta on illərlə həbs cəzası verilə bilər.

Qərbi Virciniya ştatında danışan Tramp keçmiş vəkili Maykl Kohenin də adını çəkməyb. Kohen bundan bir neçə saat əvvəl Nyu-Yorkda keçirilən məhkəmədə günahkar tanınıb və 2016-cı il prezident seçkisində namizədin göstərişi ilə iki qadına “susmaları məqsədilə pul ödədiyini” boynuna alıb.

ABŞ prezidenti Trampın Qərbi Virciniya ştatında siyasi ralli zamanı, 21 avqust, 2018.
ABŞ prezidenti Trampın Qərbi Virciniya ştatında siyasi ralli zamanı, 21 avqust, 2018.

Nyu-York ştatından demokrat senator Çak Şumer: “Mən başa düşürəm ki, prezident yürüşdə iştirak edir. Yaxşı olardı ki, o, Maykl Kohen, ya da Pol Manafortun əfv olunması haqda danışmasın.”

Tramp yürüş zamanı yenidən medianı və 2016-cı ildə onun seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin olub-olmadığını araşdıran prokurorları tənqid edib.

“Saxta xəbərlər və Rusiya ilə bağlı ifritə ovu. Burada böyük quraşdırma var. Bəs sövdələşmə haradadır? Onlar hələ də sövdələşmə axtarır. Haradadır sövdələşmə? Tapın sövdələşməni.”

Yürüşə gəlməzdən əvvəl Tramp keçmiş müttəfiqlərinin hüquqi problemlərinə reaksiya verib.

“Çox pisdir. Onların hər ikisi üçün çox pisdir. Deməliyəm ki, Pol Manafort çox yaxşı bir insandır. O, Ronald Reyqanla işləyib. O, müxtəlif illərdə çox adamla işləyib. Ona görə məyusluq hissi keçirirəm. Bu mənə aid deyil.”

Maykl Kohen Nyu-Yorkda federal münsiflər məhkəməsinə bildirib ki, o, seçki kampaniyanın maliyyə qanunlarını pozmaq qərarını təkbaşına deyil, o zaman prezidentliyə namizəd olan Trampın göstərişi ilə verib.

Trampın vəkillərindən biri, Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani Kohenin günahını etiraf etməsi ilə bağlı bəyanatla çıxış edib. “Hökumətin cənab Kohenə qarşı ittihamları ilə əlaqədar prezidentə münasibətdə hər hansı qanun pozuntusuna dair heç bir iddia yoxdur”, bəyanatda deyilir.

XS
SM
MD
LG