New York Times qəzeti Donald Trampın seçki kampaniyasının "Vladimir Putinin oliqarxiyası" ilə sövdələşmə bağladığına dair yalan məlumat yaymaqda ittiham olunur.
Prezident Donald Trampın təşviqat kampaniyası New York Times qəzetinə qarşı böhtan iddiası qaldıraraq, qəzeti keçən il Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı dərc olunan məqalədə yalan məlumat yaymaqda ittiham edib. Trampın kampaniyası bu barədə çərşənbə günü açıqlama verib.
Kampaniya nümayəndələrinin sözlərinə görə, onlar Nyu York ştatının Ali Məhkəməsinə müraciət edib. Bəyanatda deyilir ki, bunun məqsədi "xəbər qurumunu qəsdən Prezident Trampın seçkiqabağı kampaniyasının əleyhinə yalan məlumatlar yayımladığına görə məsuliyyətə cəlb etməkdir".
Məhkəmə işi 2019-cu il 27 martda yayımlanan məqalə ilə əlaqədardır.
"Prezidentin seçki kampaniyası bu gün kampaniyanın “Vladimir Putinin oliqarxiyası ilə” iqtisadi sankiyaların aradan qaldırılması daxil olmaqla rusiyayönlü xarici siyasət yürütmək müqabilində "Hillari Klinton əleyhinə kampaniyaya yardım əldə etmək məqsədilə "hərtərəfli sövdələşmə" bağladığına dair yalan iddialar irəli sürdüyü üçün" New York Times-a qarşı yeni məhkəmə işi qaldırıb,” deyə Trampın seçki kampaniyasının baş hüquqşünası Cenna Ellisin bəyanatında deyilir.
“Bu iddialar 100 faiz yalan və böhtandır. Şikayətdə iddia olunur ki, New York Times məqalə dərc olunan zaman məlumatların düzgün olmadığından xəbərdar idi, lakin bu, kampaniyaya zərər vermək və öz oxucularını yanıltmaq məqsədi ilə edilmişdi," Ellis əlavə edib.