Accessibility links

Tramp illik hesabat məruzəsində: Vədlərimə sadiq qalmışam


Prezident Donald Tramp üçüncü illik hesabat məruzəsinə ABŞ-ın onun hakimiyyəti dönəmində əldə etdiyi iqtisadi nailiyyətləri sadalamaqla başladı.

“Daha dörd il” sədaları Senat zalında yüksəldikcə Tramp ölkə boyu rekord aşağı işsizlik, ələlxüsus afro-amerikalılar, qadınlar və veteranlar arasında aşağı işsizlik səviyyəsini önə çəkdi.

“Mən vədlərimə sadiq çıxıram,” Tramp bəyan etdi. “Üç qısa il ərzində biz Amerikan süqutu mentalitetini dağıtmışıq və Amerikanın kiçilməsi trayektoriyasını rədd etmişik. Biz bu yaxınlaradək ağla sığmayacaq bir sürətlə irəliləyirik və geri dönmək yoxdur.”

İş yerləri çoxalır. Gəlirlər artır. Yoxsulluq düşür. Cinayət azalır. Özünəinam yüksəlir.

O, iş yerlərinin artımına diqqət çəkərək administrasiyasının nizamlamaları ləğv etməsi sayəsində ABŞ-ın dünyada birnömrəli neft və qaz istehsalçısına çevrildiyini söylədi.

Amerikada biznes bumunun yaşandığını deyən Tramp dünya iqtisadiyyatının dayağı olaraq Birləşmiş Ştatların rolunu vurğuladı.

Tramp həmçinin ölkədə cinayət səviyyəsinin azaldığını bildirdi.

ABŞ düşmənlərinin pərən-pərən düşdüyünü bildirən Tramp hərbi qüvvələrin gücləndirildiyini və ölkəyə “yenidən hörmət edildiyini” bəyan etdi.

Prezidentin bəzi bəyanatları Demokratların etirazları ilə qarşılansa da zaldakı Respublikaçılar prezidentin iqtisadi uğurlar barədə az qala hər bəyanatını ayaq üstə hərarətli alqışlarla qarşıladılar.

Trampın sürpriz qonaqlarından biri Venesuela müxalifətinin lideri Xuan Quaydo idi. Quaydonu "Venesuela prezidenti" adlandıran Tramp Nikolas Maduronun hakimiyyətini qeyri-legitim adlandırdı və bu hakimiyyətə tezliklə son qoyulacağını bildirdi.

ABŞ və onun müttəfiqləri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyır.
ABŞ və onun müttəfiqləri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyır.

Xarici siyasət sahəsində əldə olunan nailiyyətlər sırasında ABŞ prezidenti İŞİD-in süqutunu, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin və əli yüzlərlə ABŞ əsgərinin qanına batmış İran generalı Qasım Süleymaninin öldürülməsini önə çəkdi.

Tramp aydın etdi ki, o, ABŞ qüvvələrinin Yaxın Şərqdəki müharibələrdə iştirakına son qoymaq əzmindədir, lakin amerikan həyatına qəsd edən terrorçu öz həyatına qəsd etmiş olacaq.

Terroristlərə mesajımız budur: Bizim vətəndaşlara hücum etsəniz, öz həyatınızı itirəcəksiz.

Səhiyyə və təhsil islahatlarına toxunan ABŞ prezidenti sosialist düşüncə tərzini rədd edərək bu sahələrdə dövlət nəzarətinin gücləndirilməsi əleyhinə çıxış etdi.

Nitqini optimist tonda bitirən Tramp Amerikanın ən yaxşı günlərinin hələ irəlidə olduğunu söylədi.

"Amerika erası, Amerika epopeyası, Amerika macərası hələ təzə başlayır," Tramp bildirdi. "Günəş hələ də qalxır, Tanrının izzəti hələ də parlayır."

Trampın impiçment məhkəməsi ilə bağlı mövcud siyasi gərginlik özünü Konqresdə büruzə verib.

Belə ki, nitqdən öncə məruzəsinin mətnini spikerə və vitse-prezidentə təqdim edən Tramp Nümayəndələr Palatasının Demokrat spikeri Pelosinin uzatdığı əli sıxmayıb. Nitq boyunca Trampın arxasında oturmuş Pelosi isə öz növbəsində məruzənin sonunda prezidentin çıxış mətnini nümayişkaranə şəkildə cırıb.

Nensi Pelosi Trampın illik hesabat məruzəsinin nüsxəsini cırır.
Nensi Pelosi Trampın illik hesabat məruzəsinin nüsxəsini cırır.

Pelosinin partiyadaşları olan Demokrat Konqres üzvləri çıxışın əksər hissəsini sükutla dinləyib.

Tramp 80 dəqiqə davam edən çıxışında impiçment məsələsinə toxunmayıb.

Demokratların Trampın nitqinə cavabını Miçiqan Qubernatoru Qretçen Vitmer verib.

10 dəqiqəlik çıxışında Vitmer milyonlarla amerikalının dolanışıqda çətinliklərlə üzləşdiyini önə çəkdi.

“Demokratlar sizin səhiyyə xidmətinizi yaxşılaşdırmaq istəyirlər. Vaşinqtondakı Resublikaçılar isə onu əlinizdən almaq,” Vitmer dedi.

Qızlarının şagirdləri olduğu Şərqi Lansing Orta Məktəbində danışan Miçiqan Qubernatoru səhm birjasındakı artımla insanların güzəranı arasında təzad olduğunu vurğuladı.

Bu xüsusda o, xəstələrin dərman pulu, tələbələrin təhsil borclarını ödəməkdə üzləşdikləri problemlərə diqqət yönəltdi.

“Şirkət rəhbərlərinin maaşları artıdğı halda, işçilərin maaşları yerində qalır" - deyə, o bildirdi.

XS
SM
MD
LG