Accessibility links

Tramp impiçment dinləmələrində iştirak edib-etməyəcəyini açıqlayacaq


ABŞ prezidenti Donald Tramp bu həftə demokratların impiçment araşdırmasında diqqəti faktların araşdırılmasından Ukrayna ilə münasiblətlərdə yanlış davranışla bağlı mümkün ittihamlara yönəltdiyi bir vaxt iki möhlətlə qarşılaşır.

Demokratların nəzarətində olan Nümayəndələr Palatasında impiçment maddələrinin nəzərdən keçirilməsinə görə məsuliyyət daşıyan Ədliyyə komitəsi çərşənbə günü keçiriləcək impiçment dinləmələrində ya prezidentin özünün, ya da onun nümayəndəsinin iştirak edib-etməyəcəyi ilə bağlı cavab vermək üçün Trampa bazar günü axşam saat 6-ya qədər vaxt verib.

Ədliyyə komitəsində keçiriləcəyi gözlənilən dinləmələrdə adları daha sonra açıqlanacaq ekspertlər qrupu ABŞ konstitusiyası ilə nəzərdə tutulmuş impiçment prosesi ilə bağlı ifadələr verəcək.

Trampa qarşı rəsmi ittihamların hazırlanmasına görə məsuliyyət daşıyan komitədəki dinləmələr mümkün ittihamların irəli sürülməsi istiqamətində mühüm addımlardan biridir. Son qərarı verəcək Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi prezidentin impiç edilib-edilməməli olduğu barədə hələlik bir söz deməyib. Lakin Pelosi keçən həftə tərəfdarlarına məktubunda prezidentin hərəkətlərinə görə məsuliyyətə cəlb olunmasına çağırıb.

Tramp hər hansı yanlışlığa yol verildiyini rədd edərək, impiçment prosesini “ifritə ovu” adandırıb. Ağ Ev komitənin işində iştirak edib-etməyəcəyini hələ açıqlamayıb.

Ədliyyə komitəsinin sədri Cerold Nadler isə Trampa gələn həftə keçiriləcək dinləmələrdə ona qarşı dəlillərin nəzərdən keçirildiyi zaman müdafiə olunub-olunmayacağını bildirmək üçün cümə günü axşam saat 5-ə qədər vaxt verib.

Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin rəhbəriyi ilə üç heyətin bu həftə rəsmi hesabatı təqdim edəcəyi gözlənilir. Bu hesabatda Nümayəndələr Palatasının Kəşfiyyat, Xarici Əlaqələr və Nəzarət komitələri tərəfindən əldə edilmiş dəlillər göstəriləcək.

Konqresin təhqiqatçıları Trampın Ukraynaya 2020-ci il ABŞ prezident seçkilərində namizədliyini irəli sürmüş keçmiş demokrat vitse-prezident Co Baydenlə bağlı təhqiqat aparmaq və 2016-cı il seçkilərinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etdiyinə dair nəzəriyyə ilə bağlı təzyiq göstərərək, səlahiyyətlərindən sui-istifadə edib-etmədiyini araşdırır.

Nümayəndələr Palatasının Ədliyyə komitəsi növbəti iki həftə ərzində impiçment maddələrini səsverməyə çıxara bilər. Bu isə bu ilin sonuna qədər Nümayəndələr Palatasında tam tərkibdə impiçmentlə bağlı mümkün səsverməyə yol aça bilər.

Əgər Nümayəndələr Palatasında Trampın impiç edilməsi ilə bağlı qərar çıxarılsa, o zaman Respublikaçıların nəzarətində olan Senatda keçiriləcək məhkəmə prosesində prezidentin vəzifədən kənarlaşdırılıb-kənarlaşdırılmaması ilə bağlı qərar verilməlidir.

Şərhlərə bax

XS
SM
MD
LG