ABŞ prezidenti seçilmiş Donald Tramp yaxın gələcəkdə mətbuata kabinetə təyinatlar və iki oğluna buraxacağı biznesi ilə bağlı məlumat verəcəyini deyir.
Trampın bazar ertəsi Tvitterdə yazdığı bu açıqlama onun diqqətini prezidentliyə yönəltmək və maraqların toqquşmasının qarşısını almaq üçün özünü qlobal miqyasda biznes maraqlarından necə ayıracağı ilə bağlı mətbuat konfransını təxirə salmasından bir neçə gün sonraya təsadüf edir. Trampın müşaviri bu məlumatların yanvar ayında açıqlanacağını deyib.
Tramp kabinetə nominasiyaları elan etməyə davam edir. O, ExxonMobil şirkətinin baş icraçı direktoru Reks Tillersonu dövlət katibi vəzifəsinə nominasiya edib.
Tillerson Rusiya ilə neft müavilərləri bağlayıb və Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərə malikdir. Bu isə onun namizədliyinin Senat tərəfindən təsdiqini çətinləşdirə bilər. Qanunvericilər ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın Trampın Ağ Ev uğrunda yarışda qalib gəlmək şanslarını artırmaq üçün ötən ay keçirilən seçkiyə müdaxilə etdiyinə dair ittihamlarını araşdırır.
Prezident Barak Obama kəşfiyyat agentliyinə bu ittihamaların tam yoxlanılması ilə bağlı göstəriş verib.
Ekspertlər deyir ki, ruslar Respublikaçılar və Demokrat partiyalarının milli komitələrinin kompyuter sistemlərinə daxil olub və WikiLeaks saytı vasitəsilə demokratlar barədə utancverici emailləri açıqlayıblar.
Donald Tramp bu ittihamları gülünc adlandıraraq, bunun demokratların Hillari Klintonun məğlubiyyətinə bəraət qazandırmaq üçün “növbəti bəhanə” olduğunu deyib.