Accessibility links

Tramp Putinlə görüşlərinin detallarını gizlətdiyi haqda mətbuatdakı iddiaları rədd edib


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə keçən il iyul ayında Helsinkidə zirvə görüşü də daxil olmaqla, onlar arasında baş tutan beş görüş zamanı danışıqlarının detallarını saxladığı haqda məlumatları rədd edib.

Şənbə günü axşam Fox tele kanalının aparıcısı Cenin Pirro prezidentdən onun nə vaxtsa Rusiya üçün işləyib-işləmədiyni soruşduqda Tramp buna bu sözlərlə cavab verib: “Fikrimcə, bu, mənə verilən ən təhqiredici sualdır. Mənə elə gəlir ki, bu, ən təhqiredici bir məqalədir. Əgər siz onu oxusanız görərsiniz ki, onlar heç bir şey tapmayıblar.”

Tramp bununla New York Times qəzetində Federal Təhqiqat Bürosunun rəsmilərinin onun “bilərəkdən Rusiyaya işləyib-işləmədiyi, ya da bilmədən Moskvanın təsiri altına düşüb-düşmədiyi” ilə bağlı təhqiqata başladıqları haqda məqaləyə reaksiya verib. Məqalədə deyilir ki, buna səbəb Trampın 2017-ci may ayında Rusiya təhqiqatına rəhbərlik edən Federal Təhqiqat Bürosunun o zaman rəhbəri olmuş Ceyms Komini vəzifədən azad etdikdən sonra davranışı səbəb olub.

Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Finlandiya paytxtı Helsinkidə zirvə görüşü 16 iyul, 2018.
Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Finlandiya paytxtı Helsinkidə zirvə görüşü 16 iyul, 2018.

Tramp müsahibədə bildirib ki, Rusiya ilə bağlı heç bir prezident onun qədər sərt mövqe nümayiş etdirməyib.

Tramp eyni zamanda, Washington Post qəzetində Putinlə son iki il ərzində danışıqlarının detallarını gizlətdiyinə dair məqalə haqda danışıb. Qəzetin bildirdiyinə görə, Tramp görüşlərdən birindən sonra tərcüməçinin qeydlərini ondan alıb və bunu Tramp administrasiyasının digər rəsmiləri ilə müzakirə etməməsini istəyib.

Washington Post bu insidentin Tramp və Putin arasında 2017-ci ildə Hamburqda keçirilən görüşdən sonra baş verdiyini bildirib. Görüşdə o zaman ABŞ-ın dövlət katibi olan Reks Tillerson da iştirak edib.

Tramp və Putin arasında ən yüksək səviyyədə görüş 2018-ci ildə Helsinkidə keçirilib. İki lider arasında bağlı qapılar arxasında yalnız tərcüməçilərin iştirak etdiyi görüş iki saat sürüb. Zirvə görüşü zamanı aparılan danışıqların heç bir stenoqramı yoxdur. Lakin Tramp Fox tele kanalının aparıcısı Cenin Pirroya müsahibəsində bildirib ki, müzakirələr haqda gizlədiləsi heç bir şey yoxdur və o, stenoqramı açıqlaya bilər.

Arxiv fotosu - ABŞ-ın xüsusi prokuroru Robert Müller
Arxiv fotosu - ABŞ-ın xüsusi prokuroru Robert Müller

Trampın hakimiyyətdə olduğu iki il müddətində xüsusi prokuror Robert Müllerin Rusyianın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatı davam edir. Müller Trampın kampaniyasının Rusiya ilə əlaqələri və prezidentin Müllerdən əvvəl Rusiya təhqiqatına rəhbərik edən Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdığı zaman ədalətin qarşısını almağa çalışıb-çalışmadığını araşdırır.

Tramp Kominin vəzifədən çıxarılmasından bir neçə gün sonra NBC tele kanalına bildirmişdi ki, onu vəzifəsindən kənarlaşdıranda “Rusiya məsələsi haqda” düşünüb. Tramp uzun müddət təhqiqatın Klintonun məğlubiyyətini izah etmək üçün demokratlar tərəfindən istifadə edilən bəhanə olduğunu hesab etdiyini bildirirdi.

Müllerin təhqiqatının yaxın zamanlarada bitəcəyi və nəticələri elan edəcəyi gözlənilir. Tramp təhqiqatın aparıldığı 20 ay müddətində dəfələrlə onu kəskin tənqidlərə məruz qoyub və kampaniyası ilə Rusiya arasında əlaqələr olduğunu inkar edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG