Accessibility links

Tramp seçkilərin nəticələrinə xarici təsirin olmadığı ilə bağlı Obamanın açıqlamalarını xatırladıb


ABŞ prezidenti Donald Tramp Rusiyanın onun qələbəsinə kömək məqsədilə 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları növbəti dəfə rədd edərək, keçmiş prezident Barak Obamanın səsvermədən öncə nəticələrə müdaxiləyə dair heç bir dəlilin olmadığı haqda dediklərini xatırladıb.

ABŞ lideri Twitter səhifəsindəki şərhdə yazıb ki, Obama onun demokrat rəqibi Hillari Klintonun qələbə çalacağını düşndüyü üçün Rusiyanın müdaxiləsinə qarşı tədbir görməyib. O əlavə edib ki, “mən Seçki Kollegiyasında asanlıqla qələbə çaldıqdan sonra bütün oyun dəyişdi və demokratlar Rusiya bəhanəsindən istifadə etdi”.

Başqa bir mesajında isə Tramp yazıb: “Mən Rusiya ilə Obamadan daha sərt davranıram, təkcə faktlara baxın. Saxta xəbərlər!”.

Tramp sevdiyi “Fox and Friends” tele-proqramını Rusiyanın Suriyada hərbi müdaxiləsi və Ukraynanın Krım yarımadasının işğalına qarşı mübarizədə “Obama administrasiyasının uğursuzuqlarını” göstərən qrafiki hazırladığına görə tərifləyib.

Bir neçə saat ərzində yerləşdirdiyi Twitter mesajlarında Tramp Obamanı Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsinin qarşısını ala bilməməkdə günahlandırıb.

“Obama 2016-cı il seçkilərinə qədər və bundan sonra prezident idi. Bəs o nəyə görə Rusiyanın müdaxiləsi ilə bağlı bir şey etməyib?”, Tramp sual edib.

Tramp dəfələrlə seçkilərin onun əleyhinə “saxtalaşdırıldığı”nı deyib. Obama səsvermədən az öncə Trampın Twitter səhifəsində sitat gətirdiyi açıqlama vermişdi: “Amerika seçkilərinin saxtalaşdırıla bilməsini hesab edən heç bir ciddi mənbə yoxdur. Bunun əvvəllər baş verdiyi, ya da bu dəfə baş verə biləcəyinə dair heç bir dəlil yoxdur, buna görə də mən cənab Trampı şikayət etməyi dayandırmağa və seçiciləri ona səs verməyə inandırmağa çalışmağa çağırıram”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama
ABŞ-ın keçmiş prezidenti Barak Obama

Tramp Obamanın seçkilərdən əvvəl Rusiyanın müdaxiləsi ilə bağlı partiyalararası bəyanatla çıxış etmək istədiyi, lakin Senatda əksəriyyətdə olan respublikaçıların lideri Mitç Makkonnellin ona mane olduğunu qeyd etməyib.

Seçkilərdən sonra 2016-cı ilin dekabr ayında Obama Rusiyanın ayrı-ayrı şəxsləri və təsisatlarına qarşı sanksiyalar tətbiq eidi. Obama həmçinin Rusiyanın 35 diplomatını ölkədən xaric edilməsi və ABŞ-da rusların kəşfiyyat əməliyyatları üçün istifadə etdiyi deyilən iki əmlakını bağlanması haqda göstəriş verdi.

XS
SM
MD
LG