Accessibility links

Trampın Şarlotsvill hadisələri ilə bağlı açıqlamaları diqqət mərkəzində


Prezident Donald Tramp keçən həftənin şənbə günü Virciniyanın Şarlotsvill şəhərində ağdərili millətçilərin zorakılıqla nəticələnmiş yürüşündən sonra verdiyi açıqlamalarla bağlı tənqidlərlə qarşılaşır. Trampın zorakılıqlara görə hər iki tərəfi günahlandırması həm respublikaçı, həm də demokratlar tərəfindən narazılıqla qarşılanıb. Bu, prezidentin reytinqlərinin düşməkdə davam etdiyi bir vaxt baş verir.

Nyu Yorkda Tramp qülləsində müxbirlərin suallarını cavablandıran Tramp Şarlotsvilldə zorakılığa görə hər iki tərəfi günahlandırıb.

“Mən çox diqqətlə izləmişəm, insanların baxdığından daha diqqətlə izləmişəm. Bir tərəfdə pis adamlardan ibarət qrup var və o biri tərəfdə də zorakı qrup var. Heç kəs bunu demək istəmir. Amma mən bunu indi deyirəm.”

Trampın şərhləri demokratlar və Nümayəndələr Palatasının spikeri Pol Rayan da daxil olmaqla, bəzi respublikaçılar tərəfindən qınaqla qarşılaıb. Pol Rayan Tvitter səhifəsində yazıb ki, ağ supremasistlər məsələsində əxlaqi qeyri-müəyyənlik olmamalıdır.

Respublikaçı senator Kori Qardner Kolorodada açıqlama verib.

Cory Gardner: “Dediyim kimi, KKK (Ku Klus Klan), neo-nasistlər və ağ supremasistlər, öz mağaralarınıza qayıdın.”

Respublikaçıların Milli Komitəsinin sədri Rona Romni Makdaniyel prezidenti müdafiə etsə də, sağçı nifrət qruplarını qınayıb.

Rona Romni Makdaniyel: “Bizə sizin səsləriniz lazım deyil. Biz sizi dəstəkləmirik. Biz sizin əleyhinizə çıxış edəcəyik. Prezident də bunu deyib, vitse-prezident də.”

Tramp şənbə günü zorakılıqlara görə “bir çox tərəfi” qınadığı bəyanatını dəyişmək üçün edilən təzyiqlər nəticəsində bazar ertəsi günü irqçi nifrət qruplarını qınayıb.

Assoşieyted Press agentliyinin Ağ Evdəki müxbiri Culi Peys bunun prezidentin davakar xarakterini nümayiş etdirdiyini deyir.

“Nəticədə o, 71 yaşlı insandır və nə dediyinə inanır. Ona nəzarət etmək mümkün deyil və o, nəzarətə tabe olmur. Məsələ bundadır ki, o irəli necə gedəcək?”

Respublikaçı təhlilçi Skot Folkner bildirir ki, Tramp çox vaxt tənqidi şəxsi qəbul edir.

Skot Folkner: “O, kiçik insan, unudulmuş insan və ümumiyyətlə ölkə haqda ritorika aparır. Bir az üstdən cızanda görürsünüz ki, söhbət ona qayıdır.”

Prezident bu tənqidlərlə bir çox rəy sorğularına əsasən, etibar reytinqinin 40 faizdən aşağı düşdüyü bir vaxt qarşılaşır.

Təhlilçi Larri Sabato: “Qarışıqlıq, çaşqınlıq var və hamı bunu görür. Onun reytinqləri prezidentliyin ilk 200 günündə rəy sorğularının keçirilməyə başlamasından bəri ən aşağı səviyyədədir.”

Prezident açıqlamalarını Şarlotsvilldə zorakılıqlar zamanı həyatını itirmiş Hether Hayerin anım mərasiminin keçirildiyi vaxt verib.

XS
SM
MD
LG