Misir prezidentinin ofisindən verilən məlumata görə, prezident Donald Tramp prezident Əbdül Fəttah Əl-Sissiyə zəng edərək, iki müttəfiq ölkə arasında mövcud olan münasibətlərdə “dostluğun gücünü” vurğulayıb.
Məlumatda bildirilir ki, cümə axşamı gecə saatlarında edilən zəngdə ABŞ prezidenti “istənilən çətinlikləri aşmaq” üçün iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsinə söz verib.
Vaşinqton bu telefon danışığını hələ ki, təsdiq etməyib. İki lider arasında telefon danışığı Tramp administrasiyasının Misirə edilən hərbi və iqtisadi yardımdan 300 milyon dollar kəsmək və ya ləngitmət qərarından sonraya təsadüf edir.
Misir bu qərarı qəzəblə qarşılayıb. Ölkənin Xarici İşlər Naziri ABŞ-ın qərarını “iki ölkənin bir-birinə bağlayan strateji münasibətlərin təbiətini yanlış mühakimə” etdiyini bildirib.
Tramp və Sissinin arasındakı yaxın münasibətləri nəzərə alsaq, Misirə göstərilən yardımın kəsilməsi çox böyük təəccüblə qarşılanıb.