Accessibility links

Tramp: Hər şey yolunda getsə, mən adımı Talibanla sülh sazişinin üzərinə yazacam


ABŞ prezidenti Əfqanıstan Talibanı ilə əldə edilən qismi barışığın qüvvədə olduğunu və bunun bu həftənin sonuna planlaşdırılan sülh razılığının imzalanmasına yol açacağını bildirib.

Hindistana səfər etməzdən öncə müxbirlərlə danışan Donald Tramp bu həftənin necə keçəcəyini izləmək istədiyini deyib. O, gələn bir neçə günün Əfqanıstanda sülh prosesi yolunda atılacaq növbəti addımları müəyyən edəcəyini vurğulayıb.

“Zorakılılqların azalması” ABŞ və Taliban üçün Qətər görüşündə sülh razılığı əldə edilməsi yolunda mühüm addım hesab edilir.

“Bir həftədən az bir müddətdə hər şey yolunda getsə, mən öz adımı sazişin üzərinə yazacam. Vətənə qayıtmaq vaxtıdır”- deyə, Tramp əlavə edib.

Bu arada, Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi Kabilə səfər edərək, prezident Əşrəf Qani və digər siyasi fiqurlarla qarşıdan gələn imzalama məsələsini müzakirə edib.

Əfqanıstanın TOLO televiziyası vasitəsi ilə görüşlərinin detallarını açıqlayan Mütləq Bin Məcid Əl-Qəhtani deyib ki, mühüm ölkələr və təşkilatların təmsilçiləri Əfqanıstana dəstək məqsədi ilə imzalama mərasiminə qatılacaq.

ABŞ dövlət katibi Mayk Pompeo və Taliban uzunmüddətli müharibəyə son qoyacaq razılığın fevralın 29-da imzalanacağını bəyan edib.

Razılığa əsasən ABŞ qüvvələrinin hamısını tədricən Əfqanıstandan çıxaracaq. Bunun müqabilində Taliban Əfqanıstandan terrorizm fəaliyyətləri üçün bir platforma kimi istifadə edilməməsinə zəmanət verir. Eyni zamanda Taliban barışıq səylərini də davam etdirməlidir.

Razılığın imzalanmasına Talibanın vəd etdiyi yeddi günlük "zorakılığın azaldılmasına" dair razılıq şərait yaradıb. Atəşkəs barədə razılıq cümə günü gecə qüvvəyə minib

ABŞ prezidenti Donald Tramp Talibanla sülh razılaşmasının "bir şans" olduğunu, bunun ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına və uzun sürən müharibəyə son qoyulmasına səbəb olacağını deyib.

Sənəd fevralın 29-da Qətərin Doha şəhərində imzalanacaq.

XS
SM
MD
LG