Accessibility links

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melania Tramp şənbə günü daşqına məruz qalan Hyuston şəhərinə səfər edib. Bu, prezidentin Harvi qasırğasının əraziə səbəb olduğu dağıntılara nəzər salmaq üçün bir həftə ərzində Texasa etdiyi ikinci səfəridir.

Tramp bu dəfə çərşənbə axşamından fərqli olaraq sakinlər və könüllülərlə görüşüb. Ötən səfəri zamanı o, diqqəti hökümətin qasırğaya reaksiyasına yönəltmişdi və böhrana acıma hissi sərgiləmədiyi üçün tənqidlərlə üzləşmişdi.

Hyuston hava limanında Texasın qubernatoru Qreq Abbot və Hyustonun meri Silvester Törner ilə görüşəndən sonra Tramp fəlakətə yardım mərkəzini ziyarət edib.

Prezident mərkəzdə didərgin düşmüş sakinlərlə görüşüb, bəzilərinin əllərini sıxıb və hətta onlarla selfi çəkdirib, onlara yemək paylayıb.

Tramp həmçinin, Konqresdən yardım və bərpa işləri üçün 8 milyard dollarlıq yardım paketi tələb edəndən bir gün sonra, orada Texasın konqresdəki nümayəndələri ilə görüşüb.

Prezident və xanımı daha sonra yaxınlıqda Luizina ştatında Leyk Çarlz şəhərinə səfər edəcək. Orada Tramp fövqəladə hallar işçiləri və ştatın Konqresdəki deleqasiyasının üzvləri ilə görüşəcək. Onlar şənbə günü Vaşinqtonda geri dönəcək.

Ağ Evin bildirdiyinə görə, bu regiondakı təxminən 450 min ailə yardım üçün Federal Fövqəladə Hallar Agentliyinə müraciət edib.

Axtarış və xilasetmə

Xilasedicilər Harvinin regionu dağıtmağa başlayandan səkkiz gün sonra şənbə günü də axtarışları davam etdirib. Hyustonun meri Törner xəbərdarlıq edib ki, bəzi sakinlərin evləri hələ bir neçə həftə qurumaya bilər.

Qasırğa nəticəsində bir milyona yaxın insan evlərindən didərgin düşüb, azı 50 nəfər isə dünyasını dəyişib.

Cümə günü sel suları çəkilməyə başladığı üçün, bəzi bəxtigətirən texaslılar evlərinə dönərək, qasırğanın verdiyi ziyanları yoxlamağa başlayıb.

Cümə günü Hyuston rəsmiləri Harris qraflığında 156 min evə ziyan dəydiyini bildirib.

100 santimetr hüdünrlüyündə yağış

Milli Hava Xidməti Hyustona Avqust ayında 99 santimetr yağışın yağdığını bildirir. Bu isə daha öncə həmin ayda yağan yağışdan iki dəfə çoxdur.

Metereoloq Ceff Lindner deyib ki, ən çox yağış Hyustondan təxminən 50 kilometr cənub-şərqdə yerləşən Kliar Krika yağıb, təxminən 120 santimetr.

Bu arada cümə axşamı Hyustondan şimal-şərqdə yerləşən Krosbidə kimya zavodunda yanğın çıxıb. Bu, iki gündə baş verən ikinci yanğındır.

Cümə günü Ətraf Mühiti Qoruma Agentliyi (EPA) bildirib ki, zavod üzərində zəhərli kimyasalların olub-olmadığını yoxlamaq üçün oraya təyyarə yollayıb.

EPA açıqladığı bəyanatında bilirib ki, ilkin nəticələr göstərir ki, “yanğının ifrat intensivliyi tüstüyə səbəb olsa da, havada heç bir zəhərli kimyasal aşkar olunmayıb”.

XS
SM
MD
LG