Birləşmiş Ştatlar prezidenti Donald Trampın administrasiyası Ukraynanı Rusiyanın dəstəklədiyi separatçılara qarşı istifadə edə biləcək silahla təmin etməyi nəzərdən keçirir. Opponentlər Ukraynanı silahla təmin etmənin böhranı daha da dərinləşdirəcəyini, tərəfdarlar isə silahın Rusiya işğalının qarşısını alacağını, Kiyevə Moskva ilə bağlı mövqeyində psixoloji və siyasi dəstək olacağını deyirlər.
Ukraynanı Rusiyanın dəstəklədiyi separatçılara qarşı istifadə edilə biləcəyi müdafiə və döyüş silahlarla təmin etməsi Birləşmiş Ştatlar siyasətində dönüş nöqtəsi ola bilər.
Indiyədək bu ölkəyə yalnız qeyri-döyüş ləvazimatları verilirdi və tənqidçilər təcavüzünə görə Rusiyanı cəzalandırmağın vaxtı çatdığını deyir. "Fikrimcə strategiyanı dəyişmək vaxtıdır. Mən Ukraynanın xarici ordunun gəlib onlarla yan-yana döyüşməsini istədiyini düşünmürəm, onlar öz bildikləri kimi döyüşmək imkanı verilməsini istəyir” deyə, təhlilçi Molli Makkyu bildirir.
Vəkillərin dediyinə görə isə Moskvanın Birləşmiş Ştatların sanksiyalarına qarşı Amerika səfirliyinin işçilərinə məxsus əmlakın əllərindən alınması və 700-dən çox işçini geri göndərməsindən sonra Ukraynanı silahlandırmaq yerinə düşərdi. Lakin opponentlər Ukraynaya döyüş silahlarının göndərilməsinin böhranı daha da dərinləşdirə biləcəyini və Kremlin onsuz da gərgin olan vəziyyətidə hansısa provokasiya xarakterli addım atacağını deyirlər. CNA Korporasiyasından Maykl Kofman: “Mən hesab edirəm ki, Ukraynaya veriləcək bəzi yardım və imkanlar yenidən nəzərdən keçirilməli, və bunlar daha çox uzun-dönəmli mərama xidmət etməlidir. Belə ki, qızğın döyüşlər artıq arxada qalıb. Əsas diqqət Ukrayna ordusunun gələcək durumuna ayrılmalıdır.”
Tramp administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukraynanı silahlandırmağın siyasətdə dəyişiklik olması demək olduğunu deyir. Volker hesab etmir ki, Ukraynanı silahlandırmaq Rusiyanı daha da hiddətləndirəcək. "Mən o arqumentlə razı deyiləm ki, Ukraynaya yardım göstərmək Rusiyanın bu ölkəyə qarşı əlavə təxribat xarakterli addımlar atmağa sövq edəcək. Bu, yanlış yanaşmadır. Əvvəla, Rusiya artıq Ukraynadadır və onlar daha güclü silahlara malikdir. Onların Ukraynada nəhəng mövcudluğu var. İkincisi isə, Rusiya ordusu Ukraynanı bütün sərhəd boyu mühasirədə saxlayır.”
Ekspertlər qeyd edirlər ki, ABŞ-ın Ukraynaya hərbi yardımı real müdafiədən daha çox siyasi və mənəvi mahiyyət daşıyır.
Bununla belə güman etmək olar ki, Moskva bu məsələni Volkerin qarşısında qaldıracaq. Rusiya Xarici işlər naziri Sergey Lavrov deyir ki, elçi tezliklə Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya gələcək.