Türkmənistan və Cənubi Asiya ölkələri Əfqanıstanın ən təhlükəli yerlərindən təbii qazı nəql edəcək kəmərin inşasına dair planları gerçəkləşdirmək istiqamətində real addımlar atır. Türkmənistan, Pakistan və Əfqanıstanın liderləri, habelə Hindistanın neft və qaz naziri bu gün Aşqabadda görüşərək, kəmərin inşasına dair müqaviləni imzalayıblar. TAPİ adlanan 1700 kiometr uzunluğunda kəmər Türkmənistandan təbii qazı Əfqanıstanda koalisiya qüvvələrinin Talibana qarşı mübarizə apardığı yerlərdən keçərək Pakistana və Hindistana nəql edəcək. Rəsmilər bildirir ki, inşa edildikdən sonra kəmər vasitəsilə ildə 30 milyard kubmetr qaz nəql ediləcək, bu isə yeni iş yerlərinin açılmasına xidmət edəcək və Kabilə tranzit haqqı olaraq yüz milyonlarla dollar gətirəcək. Təhlükəsizliyə dair narahatlıqlara baxmayaraq, həm Birləşmiş Ştatlar, həm də Asiya İnkişaf Bankı layihəyə dəstək bildirib. Ekspertlər Türkmənistanın dünyada ən böyük təbii qaz yataqlarına malik olduğuna inanır. TAPİ qaz kəmərinin necə və nə zaman inşa ediləcəyi ilə bağlı detallar az məlumdur. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, kəmərin təkcə inşası 3 milyard dollara başa gələcək.
TAPİ adlanan qaz kəməri Əfqanıstan ərazisindən keçərək, Türkmənistan qazını Pakistan və Hindistana nəql edəcək