Accessibility links

İranın iki universitet professoru etirazlara dəstək verdikləri üçün işlərindən uzaqlaşdırılıb


Tehran İncəsənət Universitetində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən etirazçıların xatirəsinə simvolik məzar daşları qoyulub.
Tehran İncəsənət Universitetində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən etirazçıların xatirəsinə simvolik məzar daşları qoyulub.

İranın iki universitet professoru 22 yaşlı Məhsa Əmininin polis nəzarətində olarkən ölümü ilə bağlı keçirilən ümummilli etirazlara dəstək verdikləri üçün işlərindən uzaqlaşdırılıb.

Tehran İncəsənət Universitetinin Nəzəri Elmlər fakültəsinin müəllimi Əmir Məziyar fevralın 7-də fəaliyyətinin dayandırılması ilə bağlı məktubunu dərc edib və yazıb ki, eyni universitetin digər professoru Koruş Qolnari də oxşar məktub alıb.

Məziyar əlavə edib ki, onun bəzi həmkarları etirazçıları pisləyən məktubları imzalamaq üçün təzyiq altındadır. "Bu, universitetlərdə və digər təhsil müəssisələrində də baş verib" deyə, o bildirib.

Məziyarın dediyinə görə, məcburi təqaüdə çıxmaq halları da olmaqla,
professorlara təzyiqlər başqa yollarla da davam edir.

Sentyabrın 16-da Əminin ölümünə qəzəb minlərlə iranlının daha çox azadlıq və qadın hüquqları tələbi ilə küçələrə çıxmasına səbəb olub.

Bir çox tələbənin dərslərə getməkdən imtina etdiyi universitetlərdə, xüsusən də Tehranda çoxsaylı etiraz aksiyaları keçirilib. Etiraz edən tələbələr mitinqlərdə "Qadın, Həyat, Azadlıq" və "diktatora ölüm" şüarları səsləndirib. Bəzi qız tələbələr baş örtüklərini çıxarıb yandırıb.

Təhlükəsizlik qüvvələri tərəfindən öldürülən etirazçıların xatirəsinə tələbə şəhərciyində simvolik məzarlıq da daxil olmaqla, müxtəlif performanslarla çıxış edən Tehran İncəsənət Universiteti son aylar İrandakı etirazlara dəstək mərkəzinə çevrilib.

Etirazların əksəriyyətində tələbələr professorlardan onlara dəstək olmalarını xahiş edib. Bəzi universitet professorları və müəllimləri etirazçılarla həmrəy olduqlarını bildirib.

Universitetlər və tələbələr uzun müddətdir ki, İranda daha böyük ictimai və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gedib. 1999-cu ildə tələbələr islahatçı gündəlik qəzetin bağlanmasına etiraz edib və bu, Tehran Universitetinin yataqxanalarına bir tələbənin ölümü ilə nəticələnən basqına səbəb olub.

Fəalların HRANA xəbər agentliyinin yanvarın 26-na olan məlumatına görə, son etirazlar zamanı azı 700 universitet tələbəsi həbs edilib.

XS
SM
MD
LG