Accessibility links

31 uşaqla karantində qalan kosta-rikalı ailə


Koronavirus səbəbi ilə təcrid tədbirləri birdən-birə bir dam altında bir neçə həftə keçirməyə məcbur olan ailələr üçün çox sayda problem yaradır. Ancaq bir evdə 31 uşaqla birlikdə bunları yaşamağı düşünün.

Kosta-rikalı cütlük Melba Himenez və Viktor Quzman evlərində yaşayan övladlığa götürülmüş 31 uşağın valideynləridir. Onlar bütün bu çətinlikləri Latın Amerikasında pandemiyanın genişlənməsi ilə son altı həftə ərzində yaşayırlar.

“Söhbət həyat və ya ölümdən gedir. Özümüzə qulluq etməliyik" - deyə, təqaüdçü moda dizayneri Himenez bildirib. "Bunu sevgi və məsuliyyət səbəbindən etməliyik", o əlavə edib.

Anonim bir donorun ailəyə verdiyi paytaxt San Hosedə geniş həyəti olan böyük ev sayəsində onların övladlığa götürülmüş övladlarının ən azından gəzişməyə yerləri var.

68 yaşlı Himenez və 74 yaşlı sabiq satış agenti Quzmanın uşaqlarını böyütmək üçün göstərdiyi fədakarlıqlara heyran qalan qonşular qida və geyimlə yardım edirlər.

Gəncləri qapalı şəraitdə saxlamaq çətindir.

“Gözəl hesab etdiyim bir təcrübədir. Həm gözəl, həm də çətindir. Hər şeyin asan olduğunu deyə bilmərik... Onlar üçün maraqlı şeylər axtarmalıyıq, hər şeyi dəyişdirməliyik ki, stress yaşamasınlar" – deyə, Himenez bildirib.

Onlar həm də böhrandan ən uğurla çıxmış hesab edilən ölkələrin birində yaşayırlar. Kosta-Rikada virusdan altı ölüm və 742 yoluxma halının olduğu məlumdur. Lakin həftələrdir sağalanların sayı yeni yoluxmalardan daha çox olub.

Uşaqlar gündəlik ev işləri də görürlər. Süpürmək, yemək bişirmək və daha kiçik yaşlı uşaqlara ev tapşırıqları ilə kömək etmək bu işlərə aiddir.

Yaşca böyük bacı və qardaşlar evdən kənarda da tapşırıqları yerinə yetirir. Məsələn, 21 yaşlı Deyvid Quillen əlcək və maska taxaraq, velosipedi ilə şəhərə alış-veriş üçün gedir.

Onun kiçik bacısı Maritsa Martinez isə karantinin ailə ilə birgə vaxt keçirmək üçün nadir fürsət təqdim etdiyini deyib.

"Mən evdə vaxt keçirməyin darıxdırıcı olduğunu bilirəm. Ancaq özünə əyləncə yaratmağın yolunu tapmalısan. Sosial mediadan uzaqlaşaraq, insanlarla daha çox vaxt keçirməyə çalışmalısan " – deyə, o qeyd edib.

XS
SM
MD
LG