Accessibility links

Uşaqlar arasında zərərli informasiyalar yaymaq qadağan olunub


Zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qeyri-məişət leksik (jarqon), qorxu, erotik məzmunlu informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalardır.

Bu məhdudiyyətlər prezident İlham Əliyevin imzaladığı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulub.

Qanun 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Yaradılacaq mexanizmlər məmurların qanunları pozmasının, korrupsiya hallarının ört-basdır edilməsinə xidmət etməməlidir

Qanuna görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu qaydalara riayət etməyə borcludur.

Qanunda mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

2017-ci ildə Azərbaycanda 2 219,8 milyın uşaq (0-14 yaş) olub. Əhalinin hər min nəfərindən 318-i 14 yaşınadək olanlardır.

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov qanunun qəbulunu uşaq hüquqlarının qorunması baxımından mühüm hesab edir.

“Ancaq qanunun həyata keçirilməsi üçün hamının məqbul saydığı müxanizmlər yaradılmalıdır. Mexanizmlər elə olmalıdır ki, həm cəmiyyət üçün faydalı olan informasiyaların yayılmasına kömək etsin, həm də uşaqlara ziyan gətirəcək informasiyalar yayılmasın. Yaradılacaq mexanizmlər məmurların qanunları pozmasının, korrupsiya hallarının ört-basdır edilməsinə xidmət etməməlidir”, Bəkirov Amerikanın Səsinə bildirib.

Onun qənaətincə, uşaqlarla bağlı qəbul edilmiş bir sıra qanunların işlək icra mexanizmi yaradılmayıb.

XS
SM
MD
LG