Accessibility links

Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib


Andrey Yermak
Andrey Yermak

Ukrayna və Rusiya arasında növbəti dəfə əsir mübadiləsi həyata keçirilib. 60 nəfər Ukraynaya, 60 nəfər isə Rusiyaya qayıdıb.

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak növbəti "uğurlu əsir mübadiləsi"nin keçirildiyini bildirib. "Bu rəmzi məna daşıyır. Ukrayna Silahlı Qüvvələri Günündə Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 60 əsgəri - 58 kişi və iki qadın, 15 zabit ilə 45 sıravi və çavuş evə qayıdır. Bu, bayram günü üçün ən yaxşı xəbərdir, çünki qəhrəmanlar sağ olmalıdır" - deyə, o yazıb.

Onun sözlərinə görə, siyahıda Mariupolun müdafiəçiləri də var. "Bugünkü "60 siyahısında" onların sayı 34 nəfərdir, o cümlədən "Azovstal"dan da 14 nəfər var. Ukraynada bütün lazımi yardımı alan yaralılar var. Rusiya ərazisində saxlanılanlar, Yelenovkada olanlar da var", Yermak qeyd edib.

Rusiya Müdafiə Nazirliyi danışıqlar prosesi nəticəsində 60 rusiyalı hərbçinin geri qaytarıldığını bildirib. Məlumatda onların "əsirlikdə ölüm təhlükəsi ilə" üzləşdiyi bildirilib.

Rusiya hərbi-nəqliyyat aviasiyasının təyyarələri azad edilmiş hərbçiləri Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya aparacaq.

Noyabrın 23-də Ukrayna Rusiyada əsirlikdə olan 35 hərbçi və bir mülki şəxs, Rusiya isə 35 hərbçini geri qaytarıb. Noyabrın 24-də mübadilə "50 əsasında 50" formulu üzrə həyata keçirilib. Noyabrın 26-da 12 nəfər Ukraynaya, 9 nəfər Rusiyaya qayıdıb. Dekabrın 1-də Rusiya və Ukrayna hər biri 50 əsiri geri qaytarıb.

Amerika Müharibə Tədqiqatları İnstitutu (ISW) qeyd edir ki, son vaxtlar ölkələr arasında hərbi əsirlərin mübadiləsinin sayı artıb. İnstitut Rusiya Müdafiə Nazirliyinin bununla da media məkanında və "hərbi müxbir" - bloqqerlər arasında departamentin rus hərbi əsirlərə kifayət qədər diqqət yetirməməsi səbəbindən yaranan narazılığı azaltmağa çalışdığını ehtimal edir.

XS
SM
MD
LG