Accessibility links

Ukrayna Rusiyanın 24 pilotsuz təyyarəsini vurub


Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, keçən gecə Rusiya qüvvələrinin 24 pilotsuz uçuş aparatını məhv edib.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Odesa, Mikolayiv və Kirovohrad vilayətlərinə ümumilikdə 29 pilotsuz təyyarə ilə hücum etdiyini bildirib.

Kirovohrad vilayəti hərbi administrasiyasının rəhbəri Andrey Raykoviçin sözlərinə görə, Ukrayna hərbçiləri orada 9 "Şahed" vurub.

"Bir infrastruktur obyekti dağılıb, mülki infrastruktura ziyan dəyməyib. Ölən və ya xəsarət alan olmayıb" - deyə, o, Telegram kanalında yazıb.

Odesa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper bölgədə hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyini bildirsə də, təfərrüatları açıqlamayıb.

Regionun rəhbəri Vitali Kim Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin Mikolayiv vilayətində 10 "Şahed" vurduğunu bildirib. O, infrastruktura zərər dəydiyi və ya tələfatın qeydə alınıb-alınmadığı ilə bağlı təfərrüatları açıqlamayıb.

Rusiya qoşunları Xersona da artilleriya zərbəsi endirib. Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin hücum nəticəsində 2 nəfərin öldüyünü bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, ordusuna daha çox dəstək istəmək üçün cümə axşamı Avropa liderlərinin İspaniyada keçiriləcək görüşündə iştirak edəcəyi gözlənilir.

Zelenski görüşdən əvvəl deyib ki, Ukrayna gələn qış mövsümü ərəfəsində hava hücumundan müdafiəni gücləndirmək üçün əlindən gələni edir.

"Biz tərəfdaşlarımızdan müəyyən qərarlar gözləyirik" - deyə, Zelenski keçən gecə etdiyi çıxışında bildirib.

Forum

XS
SM
MD
LG