Birinci kişini səhər saat 7:27-də gətirdilər. Rus əsgərləri onun başına nə isə keçirib, avtomobil yolu ilə adı bilinməyən bir ofis binasına doğru apardı.
İki dəqiqədən sonra səhərin sükutunu ağzı bağlanmış bir səs pozdu. Sonra amansız "DANIŞ! DANIŞ!" sözləri eşidildi.
Martın 4-ü Ukraynanın Buça şəhəri soyuq və boz idi. Axşama doğru azı 9 kişi Yablonska küçəsi 144-ə, rusların dünyanı şoka salacaq zorakılığının mərkəzinə çevirdiyi binadakı ölümünə doğru piyada gedəcəkdi.
Ələ keçirilən telefon zənglərinin səs yazılarına əsasən, həmin gün Buçada baş verənləri rus əsgərləri “təmizləmə” adlandırırdı. Rusiya əsgərləri kəşfiyyat xidmətlərinin hazırladığı siyahılar üzrə qapı-qapı gəzir və öldürmək üçün insan ovlayırdı.
Associated Press xəbər agentliyi və PBS-ın "Frontline" verilişi ilk dəfə Ukraynada təmizləmə əməliyyatının Buçada necə keçirildiyini əks etdirən müşahidə kameraları görüntülərini əldə edib.
Polis təkcə Yablunska küçəsində 40-a yaxın cəsəd tapıb. Prokurorlar indiyə qədər Yablunska küçəsi 144-də aşkar edilən cəsədlərdən yalnız 12-nin kimliyini müəyyən edib. Associated Press müxbirləri binalardan birinin pilləkənində aprelin 3-də çəkilmiş foto və videolardan 13-cü cəsədi sənədləşdirib.
Martın 3-də sonsuz görünən rus konvoyu dəmir yolu boyunca Buçaya girdi. “Evakuasiya edin” əmri çıxdı.
Rusiyanın irəlilədiyi xaosda Ukraynanın nəzarət-buraxılış məntəqəsinın 8 könüllüsü digərlərindən ayrıldı. Onlar yaxınlıqdakı kərpicdən tikilmiş evə girdi və səssizcə tüfənglərin atəş səslərinə, rus tanklarının gurultusuna qulaq asdı.
Ertəsi gün səhər saat 10 radələrində nəzarət-buraxılış məntəqəsinin könüllüsü Andriy Dvornikov arvadı Yuliya Trubaya zəng edib və ondan bütün danışıqlarını silməsini istədi.
Çox keçmədi ki, rus əsgərləri evin qapısını sındıraraq, Ukrayna hərbçilərinə yardım etməkdə ittiham edərək, 9 nəfəri apardı. İki rus əsgəri ayaqlarında yalnız corab olan bu insanları silah gücü ilə yaş, buzlu yolla, söyüş söyə-söyə Yablunskaya 144-ə apardı.
Əsgərlər onları diz çökdürməyə məcbur etdi. Taksi sürücüsü İvan Skıba onların yanındakı bir nəfəri qaldırıb başına güllələ ilə vurduğunu gördü.
Sonrakı bir neçə saat ərzində əsgərlər Yablunska 144-ə daha çox insan gətirdi. Onların arasında hamının Dima adlandırdığı mağaza işçisi, 20 yaşlı Dmitri Çaplıhin də var idi. Əsgərlər Dimanı apararkən onun nənəsi Natalya Vlasenko dizləri üstünə çökərək ona toxunmamaq üçün yalvarsa da, nəticəsi olmadı.
Əsgərlərlə yola düşən Dima Yablunska küçəsi 144-ə tərəf getdiyi zaman “Nənə, narahat olma. Mən qayıdacağam" dedi.
Nənəsi onu sonuncu dəfə orada sağ görürdü.
Ruslar İrina Volinetsi Yablunskaya 144-ə aparanda o, avtomobil yolunda düzülmüş kişilərdən birini, keçmiş məktəb yoldaşı Andriy Verbovyi tanıdı. O, böyrü üstə yıxılmış, qan içində idi.
Sarsılan Volinets öz oğlu Slavanın da məhkumlar cərgəsində diz çökdüyünü dərhal görmədi. Nəhayət, onu pencəyindən və şalvarından tanıdı. Onun qabırğalarına zərbələr endirilmişdi və o, ağır-ağır nəfəs alırdı.
Ana həyəcan keçirdi. Slavanın azad buraxılması üçün rus əsgərləri ilə danışmağa çalışdı. Ruslar yaxından baxmaq üçün bir gənci gətirdilər.
"Odur?" deyə, soruşdular.
"Yox, o deyil" deyə, gənc cavab verdi.
Slava yaşadı.. Ruslar o gün dinc əhalinin çoxunu azad etdi, könüllüləri isə yox.
Rus əsgərləri könüllüləri küncdəki artıq bir cəsədin olduğu kiçik bir həyətə apardı. Sonra iki əsgər atəş açmağa başladı.
İndi Buça ailələri olacaq və ya olmayacaq ədaləti gözləyir.