Accessibility links

Ukrayna şərqdə Donetsk vilayətində döyüşlərin səngimək bilmədiyini bildirir


Ukrayna ordusunun martın 27-də verdiyi məlumata görə, Donetsk vilayətinin şərqində son 24 saatdır şiddətli döyüşlər davam edir. Rusiya qüvvələri Moskvanın şərqdəki hücumunun mərkəzi olan viran edilmiş Baxmut şəhərinə təzyiqi davam etdirərək, Donetskin Avdiyivka şəhərini daha çox hədəf alır.

Son 24 saat ərzində iki mülki vətəndaş həlak olub. Onlardan biri Xarkiv vilayətində naməlum qurğunun partlaması, digəri isə Rusiyanın Donetsk vilayətinin Slovyansk şəhərini atəşə tutması nəticəsində ölüb.

Prezident Volodimir Zelenski Telegram kanalında Slovyanskın atəşə tutulmasının videosunu yayımlayıb.

"Rusiya Federasiyası tərəfindən terrorla başlayan daha bir gün. Təcavüzkar dövlət bizim Slovyanskımızı atəşə tutub. Təəssüflər olsun ki, ölən və müxtəlif dərəcəli xəsarətlər alanlar var. Yerlərdə bütün xidmətlər fəaliyyət göstərir. Yardım göstərilir," Zelenski deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik hesabatında işğalçı qüvvələrin fərq qoymadan həm hərbi, həm də infrastruktur obyektlərini bombalamağa davam etdiyi, mülki əhali arasında tələfat olduğu, Ukrayna qüvvələrinin Baxmut və ətraf ərazilərdə Rusiyanın 60-dan çox hücumunu dəf etdiyi bildirilib.

"Düşmən terror taktikasından istifadə etdiyi üçün Ukraynanın bütün ərazisinə raket və hava zərbələri endirmə ehtimalı yüksək olaraq qalır" deyən Baş Qərargah Rusiyanın hücumlarının əsasən Avdiyivka, Liman, Kupyansk və Maryinkanı hədəf aldığını bildirib.

XS
SM
MD
LG