Ukrayna cümə axşamı bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələri keçən gecə Rusiyanın bütün ölkə ərazisinə hücumları zamanı istifadə etdiyi 42 pilotsuz təyyarənin hamısını vurub.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın idarə olunan raketini də vurduğunu bildirib. Rusiyanın pilotsuz təyyarələrinin hücumları Çerkassı, Dnipropetrovsk, Xerson, Kirovohrad, Kyiv, Mikolayiv, Rivne, Vinnitsa və Jitomir vilayətlərinə istiqamətləndirilib.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın iki pilotsuz uçuş aparatını Kursk vilayətində, daha bir pilotsuz təyyarəsini Belqorod vilayətində məhv etdiyini bildirib.
Hava hücumları mübadiləsi Ukraynaya məxsus pilotsuz təyyarənin Rusiyanın Tver vilayətindəki anbara düşməsindən bir gün sonra baş verib. Hücum nəticəsində böyük yanğın baş verib və ərazidə evakuasiya aparılıb.
"Düşmən Toropets rayonundakı silah-sursat anbarını vurub. Orada yana biləcək nə varsa, hər şey artıq yanır və (partlayır)" - deyə, Reuters xəbər agentliyi Ukrayna əsilli, rusiyayönlü hərbi bloger Yuri Podolyakdan sitat gətirib.
Tver vilayətinin qubernatoru İqor Rudenya Telegram kanalında pilotsuz təyyarələrin vurulduğunu və yanğın baş verdiyini, lakin vəziyyətin “nəzarət altında” olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski gecə çıxışında partlayışı xüsusi qeyd etməyib. Lakin o, Rusiya ərazisində düşməni zəiflədən "çox mühüm nəticə əldə edildiyini" bildirib.
Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti daha əvvəl anbarda raketlər, idarə olunan bombalar və artilleriya sursatlarının olduğunu bildirmişdi. Rusiya mediası daha əvvəl həmin yeri əsas adi silah arsenalı adlandırmışdı.
Forum