Accessibility links

Ukrayna və Rusiya arasında əsirlər və ölən əsgərlərin cəsədlərinin mübadiləsi olub


Ukrayna və Rusiya "75-i 75-ə" düsturuna əsasən növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak daha sonra bu məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin sıravi, çavuş və zabitləri və mülki şəxslər Ukraynaya qayıdıb. Onların arasında 19 nəfər Zmeynı adasında əsir götürülüb, 10 nəfər isə Mariupol və Azovstalın müdafiəçiləridır.

Bundan əlavə, Ukrayna tərəfi Donetsk, Zaporijye, Luhansk və Xarkiv istiqamətlərində, eləcə də Ukraynanın işğal olunmuş ərazilərində həlak olmuş 212 hərbçinin cəsədini geri qaytarıb. Bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı bildirib. Mərhumların şəxsiyyəti müəyyən edildikdən sonra onların cəsədləri dəfn olunmaq üçün yaxınlarına təhvil veriləcək.

Dövlət Dumasının deputatı Şəmsail Saraliyevin RBK-ya bildirdiyinə görə, Rusiya Ukrayna ilə mübadilə çərçivəsində 45 rusiyalı hərbçinin cəsədini geri qaytarıb.

Bu ilin fevral ayından Kyiv və Moskva arasında hərbi əsirlərin mübadiləsi prosesi dayandırılıb. Bu səbəbdən rus hərbi əsirləri saxlamaq üçün Ukraynada üçüncü düşərgə açılıb. "Yaşamaq istəyirəm" layihəsində qeyd edilib ki, əsir götürülmüş Rusiya hərbçiləri koloniyalarda deyil, düşərgələrdə və istintaq təcridxanalarının xüsusi bölmələrində saxlanılır. Onlara qohumları ilə görüşməyə, bağlamalar almağa, işləməyə və idmanla məşğul olmağa icazə verilir. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin də onlara baş çəkməsinə icazə verilir.

Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Tatyana Moskalkova mayın 29-da bildirib ki, məhbus mübadiləsi prosesi "daim yeni tələblər irəli sürən Ukraynaya görə" dayandırılıb.

Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Dmitri Lubinets daha əvvəl "Rusiya tərəfinin mübadilə proseslərini həyata keçirmək istəmədiyini" demişdi.

Forum

XS
SM
MD
LG