Accessibility links

Rusiya ordusu Ukraynanı "Şahed" pilotsuz təyyarələrlə vurub, Dnepropetrovskda iki nəfər ölüb


İyulun 7-nə keçən gecə Rusiya ordusu İranın "Şahed" pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Məlumatda deyilib ki, Rusiya qoşunları ümumilikdə Ukrayna ərazisini 18 pilotsuz uçuş aparatı ilə atəşə tutub və onlardan 12-si Ukrayna Silahlı Qüvvələrinin Zenit-Raket Qoşunları, aviasiya və mobil atəş qrupları tərəfindən məhv edilib.

Vilayət administrasiyasının rəhbəri Serhiy Lısak "Dnepropetrovsk vilayətində 6 pilotsuz uçuş aparatı vurulub" yazıb. Onun sözlərinə görə, onlardan birinin qalıqları magistral yol ilə hərəkət edn avtomobilin üzərinə düşüb. İki nəfər ölüb.

Digər pilotsuz təyyarə Krivoy Roq rayonunda özəl müəssisəni vurub. Binada yanğın baş verib və səhər saatlarında yanğın söndürülüb.

Rusiyanın Lvivdəki yaşayış binasına etdiyi raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb, 3-ü uşaq olmaqla 42 nəfər yaralanıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daha sonra Lviv şəhərinin meri Andriy Sadovı yazıb ki, səhər saatlarında xilasedicilər onuncu cəsədi tapıb. "Qadın. İndi fövqəladə hallar işçiləri meyiti dağıntılar altından çıxarır. Bununla da axtarış-xilasetmə əməliyyatı başa çatacaq" - deyə, o əlavə edib.

İyulun 6-na keçən gecə rus ordusu Lviv şəhərindəki yaşayış binasına raket zərbəsi endirib. Yerli hökumət insidenti Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bəri mülki infrastruktura edilən ən böyük hücumlardan biri adlandırıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu Lvivə "Kalibr" raketləri ilə hücum edib. 10 raketdən 7-si məhv edilib.

XS
SM
MD
LG