Accessibility links

Kyiv Rusiyanın şərqdə ağır itkilər verdiyini bildirir


Ukrayna hərbi qüvvələrinin bildirdiyinə görə, Kyiv qüvvələri Rusiyanın Donbasda bir neçə hücumunu dəf edib. Prezident Volodimir Zelenski deyib ki, rusların hər gün ağır itkilər verməsi Moskvanın hücum strategiyasının "ağılsızlığını" vurğulayır.

Ukrayna Rusiyanı cənubda Xerson şəhərində müdaxilənin başlanğıcında Moskva qüvvələrinin əlinə keçən şəhəri geri qaytarmaq üçün Ukraynanın hücumu ərəfəsində mülki geyimli adamların boş evləri zəbt edərək, orada əsgərlər yerləşdirməkdə ittiham edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik yeniləməsində bildirib ki, Rusiyanın şərqdəki qoşunları son həftələr Moskvanın Donetskdəki hücumunun mərkəz nöqtələri olan Baxmut, Avdiyivka və Novopavlivkaya hücumlarını davam etdirir.

Eyni zamanda, hərbçilər Rusiya qoşunlarının Ukraynanın müxtəlif bölgələrində mühüm infrastruktur və mülki obyektləri atəşə tutmaqda davam etdiyini bildirib.

Noyabrın 7-də Zelenski növbəti video-müraciətində Donetsk vilayətində gedən gərgin döyüşləri "işğalçıların dəliliyinin ən böyük episentri" adlandırıb.

"Onlar hər gün yüzlərlə ölür. Ukraynalıların mövqelərinin qarşısındakı torpaqlar sözün əsl mənasında işğalçıların cəsədləri ilə doludur," Zelenski deyib .

Zelenski Pavlivka bölgəsindəki rus əsgərlərinin Rusiyanın Uzaq Şərqində yaşadıqları bölgənin qubernatoruna şikayət etdiklərini də bildirib.

CNN tele kanalının noyabrın 7-də bildirdiyinə görə, cəbhə xəttindən Primorsk vilayətinin qubernatoru Oleq Kojemyakoya göndərildiyi iddia edilən məktubda Rusiyanın Sakit Okean Donanmasının dəniz piyadaları 155-ci briqadasının əsgərləri Donetskdə "anlaşılmaz döyüşə" qatıldıqlarını və məğlub olduqlarını, 4 gün ərzində təxminən 300 nəfərin öldüyünü və yaralandığını, avadanlıqlarının 50 faizini itirdiklərini bildirib.

Zelenski bildirib ki, məktubun cavabında Kojemyako itkilərin "o qədər də böyük olmadığını" və "şişirdildiyini" deyib.

Ukraynanı ikiyə bölən Dnepr çayının qərb sahilində Rusiyanın nəzarətindəki yeganə ərazi olan Xerson şəhərini geri almaq üçün Ukraynanın hücumu ərəfəsində Moskva mülki əhaliyə şəhəri tərk etməyi əmr edib.

Hər iki tərəf müharibədən əvvəl 300 minə yaxın əhalisi olan Xersonda elektrik enerjisi və su olmadığını bildirib.

Rusiya tərəfindən təyin edilmiş rəsmilər Ukraynanı "təxribatda" günahlandırıb. Ukrayna rəsmiləri isə rusların 1,5 kilometrlik elektrik xətlərini dağıtdığını deyib.

Ukrayna hərbçilərinin bildirdiyinə görə, "mülki geyimdə olan Rusiya qüvvələri mülki vətəndaşlara məxsus ərazilərə girərək, küçə döyüşləri üçün mövqeləri gücləndirir".

Ukrayna ordusunun noyabrın 8-də yaydığı bəyanatda Xerson vilayətinin Berislav rayonunda Rusiyanın zenit-raket qurğularının yerləşdiyi bazaya və silah-sursat anbarına zərbələr endirdiyini və zirehli texnikasının məhv edildiyini, 32 rus hərbçisinin həlak olduğunu bildirib.

XS
SM
MD
LG