Astra Telegram kanalının öz mənbələrinə istinadən bildirdiyinə görə, Ukrayna Silahlı Qüvvələrinin ilhaq edilmiş Krımın Feodosiya limanında vurduğu "Novoçerkassk" desant gəmisində azı 33 dənizçi itkin düşüb.
Nəşrin məlumatına görə, dekabrın 26-na keçən gecə hücum zamanı gəmidə 77 dənizçi olub. İtkin düşənlərdən əlavə 19 dənizçinin də yaralandığı bildirilib. Bu məlumatların rəsmi təsdiqi yoxdur.
Hücum zamanı "Novoçerkassk" gəmisində dənizçilərin olması faktı da bundan əvvəl agentlik tərəfindən bildirilib. Sursatlar partlayana qədər zabit və dənizçilərdən hansınınsa "Novoçerkassk"ı tərk edə bilib-bilmədiyi məlum deyil. Gəmi ekipajının sayı 98 nəfər olub.
Rusiya Müdafiə Nazirliyi güclü partlayışın yayımlanan görüntülərinə baxmayaraq, dənizçilər arasında itkilər barədə şərh verməyib. Partlayışın gücü "Novoçerkassk"ın metal örtüklərinin böyük parçalarının uzaq məsafəyə səpələnməsi ilə qiymətləndirilə bilər. Həmin görüntülər Vesti Krıma telekanalının xəbərlərində nümayiş etdirilib.
İlhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov daha əvvəl limana hücum nəticəsində bir nəfərin öldüyünü və dörd mülki vətəndaşın yaralandığını bildirmişdi.
Dekabrın 26-na keçən gecə ilhaq edilmiş Krımın Feodosiya limanında bir neçə güclü partlayış baş verib. Ukrayna bombardmançıları estakadada yan almış nəhəng desant gəmisi "Novoçerkassk"a raket zərbəsi endirib.
Feodosiya limanında son gün ərzində çəkilmiş fotoşəkillər "Novoçerkassk"dan praktiki olaraq heç nə qalmadığını göstərib. Bu cür ciddi zərərə gəmidəki partlayıcılardan ibarət yükün olması səbəb ola bilərdi.
Əsas versiyaya görə, hücum zamanı "Storm Shadow/SCALP EG" raketlərindən istifadə edilib.
Rusiya Müdafiə Nazirliyi "Novoçerkassk"ın “Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edərkən zərər gördüyünü” bildirib.
Forum