Accessibility links

Ukrayna qüvvələri şərqdə mövqelərini saxlayır, Mariupol epidemiya riski ilə üzləşir


Severodonetskdə şiddətli döyüşlər davam edir, Rusiyanın çoxlu sayda əsgər və texnikasını döyüşə atmasına baxmayaraq, Ukrayna qüvvələri hazırda şəhərin təxminən üçdə birinə nəzarət edir. Bu arada rəsmilər vəba epidemiyasının Rusiyanın nəzarətində olan liman şəhəri Mariupolda yayıldığını bildirir.

Ukrayna rəsmiləri hər gün yüzlərlə əsgərin öldüyü və ya yaralandığı şərq bölgəsində Rusiyanın böyük artilleriya üstünlüyünə qarşı çıxmaq üçün Qərbin qabaqcıl silahlarını tez bir zamanda əraziyə çatdırmağa çağırış edib.

Ukrayna Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov iyunun 9-da Severodonetskdə vəziyyətin “son dərəcə mürəkkəb olduğunu” və Rusiya qüvvələrinin bütün güclərini bölgəyə cəmlədiyini bildirib.

"Onlar öz adamlarını əsirgəmirlər, sadəcə olaraq top yemi kimi adamlar göndərirlər... onlar bizim ordumuzu gecə-gündüz atəşə tuturlar," Danilov Reuters agentliyinə müsahibəsində bildirib.

Severodonetsk hərbi administrasiyasının rəisi Oleksandr Stryuk iyunun 9-da deyib ki, "daim küçə döyüşləri gedir".

"Şəhərdə humanitar vəziyyət kritikdir. Su təchizatı yoxdur," Stryuk Ukrayna televiziyasında deyib.

"Ukrayna Silahlı Qüvvələri hazırda şəhərin təxminən üçdə birinə nəzarət edir," o, əlavə edib.

Prezident Volodimir Zelenski cənub-şərqdəki Zaporojye bölgəsindən bəzi "müsbət" xəbərlər verib və burada ukraynalıların bölgəni tamamilə ələ keçirmək məqsədi daşıyan Rusiyanın hücumunun qarşısını ala bildiklərini qeyd edib.

Zelenski həmçinin iyunun 9-da videomüraciətində Ukrayna qüvvələrinin Xarkiv vilayətində “torpaqlarımızı azad etməklə” tədricən irəlilədiyini bildirib.

Lakin Zelenskinin baş köməkçisi Mixaylo Podolyak bildirib ki, Rusiyanın ağır artilleriya sahəsində qeyri-bərabər üstünlüyü səbəbindən Ukrayna cəbhə xəttində hər gün 100-200 əsgər itirir.

Podolyakın irəli sürdüyü rəqəm iyunun 9-da Ukraynanın gündə 100 əsgər itirdiyini və daha 500 əsgərin yaralandığını bildirən müdafiə naziri Oleksiy Reznikovun əvvəlki təxminindən yüksək idi. Rəqəmlərdəki uyğunsuzluq döyüş sahəsi haqqında dəqiq məlumat əldə etməyin çətinliyini göstərir.

Podolyak BBC-yə deyib ki, Ukraynanın Donbasda Rusiya ilə rəqabəti bərabərləşdirmək üçün yüzlərlə Qərb artilleriya sisteminə ehtiyacı var.

Ukrayna rəsmiləri həmçinin Rusiyanın daha da çox əsgər itirdiyini, Luhansk vilayətinin qubernatoru Serhiy Qayday rusların “milçək kimi öldüyünü” deyib.

Deyilənləri müstəqil olaraq yoxlamaq mümkün deyil.

Britaniyanın Müdafiə Nazirliyi iyunun 10-da gündəlik kəşfiyyat bülletenində bildirib ki, dağıdılmış Azov dənizinin liman şəhəri Mariupolda böyük vəba epidemiyası riski var.

Bülletendə deyilir ki, ötən aydan bəri Mariupolda təcrid olunmuş vəba halları qeydə alınıb. Britaniya kəşfiyyatı həmçinin Rusiyanın Ukraynada işğal etdiyi ərazilərin sakinlərinə minimum məişət xidmətləri göstərməkdə çətinlik çəkdiyini bildirir.

XS
SM
MD
LG